Fransa-2018: Maraqlı statistika

F-1.az Kanada Qran Prisindən sonra maraqlı statistik məlumatları sizin nəzərinizə çatdırır…

SIRALANMA TURU

Sıralanma turunda birinci olan Lyuis Həmilton mövsümdə üçüncü, karyerasında 75-ci poulunu qazanıb. Britaniyalı sürücü iştirak etdiyi yarışların 34.7%-nə pouldan başlayıb.

Pol Rikardakı poulla birlikdə, Lyuis Həmilton 27 fərqli trasda poul əldə edib – bu, mütləq rekorddur. Bu göstəriciyə görə Sebastyan Fettel (23) ikinci, Alen Prost (22) isə üçüncüdür.

Tarixdə ilk dəfə McLaren və Williams komandalarının hər iki maşını eyni sıralanma turunda ilk 15-liyə düşə bilməyib. İki Böyük Britaniya təmsilçisi mübarizəni elə ilk sessiyada dayandırıb.

Şarl Lekler 8-ci olaraq 2015-ci ildə baş tutan İtaliya Qran Prisindən bəri ilk dəfə Sauber-i üçüncü sessiyaya daşıyıb. Üç il əvvəl Montsada Markus Eriksson 10-cu ola bilmişdi.

 

YARIŞ

Lyuis Həmilton mövsümdə üçüncü, karyerasında 65-ci qələbəsini qazanıb. Lyuis bu göstəriciyə görə tarixdə ikinci sürücüdür. Lider Mixael Şumaxerə çatmaq üçün isə hələ 26 qələbə lazımdır…

Lyuis Həmilton builki təqvimdə olan bütün traslarda ən azı bir dəfə poul əldə edib və qələbə qazanıb.

Lyuis Həmilton qələbə qazandığı trasların sayını 26-a çatdırıb və bu sahədə də rekordçudur.

Yarışda ikinci olan Maks Ferstappen hollandların Formula1-də 500 xal səddini keçməsinə nail olub. Bu ölkədən olan sürücülərin qazandığı ümumi 516 xalın 489-u Maksın, 17-si isə atası Yosun payına düşür. Hollandlar bu siyahıda 14-cü yerdədilər. Lider isə britaniyalılardır – 8222.38 xal.

Kimi Rəykkönen karyerasında 40-ci dəfə podiumun üçüncü pilləsinə yüksəlib. Rəykkönen 30 müxtəlif trasda podiuma yüksəlib və bu saya görə liderdir. Onu Lyuis Həmilton və Alen Prost izləyirlər – hər ikisi 29 trasda yarışı ilk üçlükdə başa vura biliblər.

Renault-nun irəliləyişi göz önündədir – komandanın hər iki sürücüsü ilk onluğa düşüb və birlikdə 6 xal qazanıb. Fransızların aktivində bu il artıq 63 xal var və bu, keçən mövsümün ümumi nəticəsindən 6 xal çoxdur.

Yarışda onuncu olan Şarl Lekler Sauber komandasına Fransa Qran Prisində 2005-ci ildən bəri ilk xallarını qazandırıb – 13 il əvvəl Jak Vilnöv o vaxt yarışa ev sahibliyi edən Manyi Kur trasında 8-ci olmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*