Mövsümün yekunları-2016: Red Bull Racing

Formula1 üzrə 67-ci mövsüm artıq geridə qalıb. F-1.az hər bir komandanın mövsüm ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Arxada qoyduğumuz mövsüm komanda üçün emosional alınıb. Komanda yenidən qələbələr qazanıb, gənc ulduzun parlamasına şərait yaradıb və Mühəndislər Kubokunda yalnız Mercedes AMG-dən geri qalaraq ikinci olub.

N Sürücü
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
3 Daniel Rikkardo 21 3 256 1 1
33 Maks Ferstappen 17 5 191 3 1
26 Daniil Kvyat 4 14 21 6 3

Qalın şriftlə sürücülərin Red Bull-un tərkibindəki nəticələri göstərilib.

Red Bull Racing
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2016 21 2 468 1 1
2015 19 4 187 2 2
2014 19 2 405 2 1
2013 19 1 596 1 1
2012 20 1 460 1 1

Red Bull 2015-ci ildə son dövrün ən pis mövsümünü keçirmişdi və 2008-ci ildən sonra ilk dəfə olaraq Mühəndislər Kubokunda üçlükdən kənarda qalmışdı. Komanda hələ mövsüm yekunlaşmamışdan pis nəticələrə səbəb kimi Renault motorlarını göstərmişdi və hətta onlardan imtina etmişdi. Lakin digər istehsalçıların komandaya motor vermək istəməməsi onları çətin vəziyyətdə qoymuşdu və yenidən Renault ilə münasibətləri düzəltməli olmuşdular. Red Bull geridə qoyduğumuz mövsümdə Renault motorlarından TAG Heuer brendi altında istifadə edib.

Komanda maşının rəng çalarlarını Londonda xüsusi tədbirdə təqdim edib. RB12 isə bundan bir həftə sonra Barselonada qış testlərində trasa çıxıb. Komanda ilk dəfə testləri problemsiz başa vurub – bundan əvvəl demək olar ki, hər gün problemlərə görə xeyli vaxt itirirdilər.

riccardo-rb12

Komanda mövsümə keçənilki sürücü heyəti ilə – Daniel Rikkardo və Daniil Kvyatla başlayıb.

Avstraliyada sıralanma turu komandanın real gücünü göstərməyib – Kvyata sürətli dövrəsində digər sürücülər mane olublar və mübarizəni birinci sessiyada dayandırmalı olub. Rikkardo son sessiyaya keçib, lakin ancaq səkkizinci yeri tuta bilib. Yarışın qızdırma dövrəsində Kvyatın maşınında elektrik problemi yaranıb və rus sürücü ardıcıl ikinci dəfə Melburnda start ala bilməyib. Rikkardo isə ev yarışını dördüncü yerdə tamamlayıb və liderə 24 saniyə uduzub. Bəhreyndəki yarışa komanda ehtiyatlı və nikbin yollanıb. Nəticədə hər iki sürücü xal qazana bilib – Rikkardo yenə dördüncü olub, yarışa 15-ci yerdən başlayan Kvyat isə yeddinci yerə qədər yüksələ bilib.

Çin Qran Prisi Red Bull üçün bu sürücü cütlüyü ilə ən uğurlu yarış olub. Rikkardo sıralanma turunda yalnız Rosberqdən geri qalıb. Yarışın ilk dövrəsində lider olan avstraliyalının maşınının təkəri deşilib və o, məcburi pit-stop etməli olub. Kvyat yarışı üçüncü yerdə tamamlayaraq komandaya mövsümdəki ilk podiumu qazandırıb. Daniil tamaşaçılar tərəfindən “Günün sürücüsü” seçilib. Komanda bu uğurdan razı qalıb – ta ki, Soçidəki yarışa qədər…

sochi-crash

Rusiya Qran Prisi komanda üçün mövsümdəki ən uğursuz yarış olub. Startda Fettellə iki dəfə toqquşan Kvyat onun mübarizəni dayandırmasına səbəb olub. Özü də məcburi boksa yollanıb və əlavə vaxt itirib. Nəticədə xal uğrunda mübarizədən uzaq qalıb. Rikkardo da yarışı 11-ci yerdə tamamlayıb və komanda Soçidən əliboş qayıdıb.

Kvyat yarışdan sonra qəza barədə açıqlamalar verib. Onun yaratdığı insident üç sürücünün mübarizəni dayandırmasına səbəb olub. Həmçinin, Fettel Kvyatı və Red Bull-u kəskin tənqid edib. Növbəti günlərdə Red Bull-un hadisə ilə bağlı hansı tədbiri görəcəyi barədə müxtəlif şayiələr gəzirdi, lakin Helmut Marko yenə də gözlənilməz addım atıb.

Rusiyadakı yarışdan dörd gün sonra Red Bull sürücü heyətini dəyişdirməsi barədə məlumat verib – Kvyat Toro Rosso-ya göndərilib, onun əvəzinə isə Maks Ferstappen komandaya gətirilib. Bu qərar bir çoxları tərəfindən tənqidlə qarşılanıb. Ekspertlər iki həftə əvvəl podiuma yüksəlmiş sürücünün komandadan göndərilməsini səhv addım hesab ediblər. Lakin Marko Kvyatın üzərindəki təzyiqin azalacağını bildirib.

Barselonada ilk dəfə RB12-nin sükanı arxasına keçən Ferstappen sıralanma turunda dördüncü olub – hollandiyalı yalnız Mercedes AMG sürücülərindən və komanda yoldaşından geri qalıb. Yarışın startında Rosberq və Həmilton qəza edərək yarışı dayandırıblar. Yarışın sonuna yaxın liderliyi ələ alan Maks Rəykkönenin hücumlarına qarşı yaxşı müdafiə olunub və Red Bull-la çıxdığı ilk yarışı qələbə ilə başa vurub.

max-spanish-gp-winner

Qələbə qazanan ən gənc sürücü adını alan Maks, həm də “Günün Sürücüsü” seçilib – o, mövsümün sonuna qədər bu ada səkkiz dəfə layiq görülüb. Gənc sürücü bu qələbə ilə tənqidçilərə əla cavab verib.

Maks Monakoda uğurlu çıxışını davam etdirə bilməyib. Həftəsonu ərzində hələ tam bələd olmadığı RB12 ilə dar Monte Karlo küçələrində bir neçə dəfə qəzaya uğrayıb. Lakin Monakoda daha çox danışılan məsələ isə komandanın Rikkardonu qələbədən məhrum etməsi olub. Karyerasında ilk dəfə poul qazanaraq yarışa birinci yerdən başlayan Daniel yağış təkərlərindən sliklərə keçmək üçün pit yoluna üz tutub. Lakin komanda buna hazır olmayıb və nəticədə avstraliyalı xeyli vaxt itirib. Trasa Həmiltondan çox az fərqlə arxada qayıdan Daniel yarışı ikinci yerdə başa vurub.

Həmişə gülərüz olan avstraliyalı mükafatlandırma mərasimində çox dilxor görünüb. Komandadan onun pit-stopa gəldiyindən gec xəbər tutduqlarını, təkərlərin yerləşdiyi yer arxada olduğuna görə çox vaxt itkisi olduğunu bildiriblər.

Növbəti yarışlarda hər iki sürücü tez-tez podiuma yüksəlib. Bütün diqqətlərin gənc komanda yoldaşına yönəldiyini hiss edən Rikkardo yarışlarda bütün potensialından istifadə etməyə çalışıb.

Həm Renault motorunda, həm də şassidə edilən yeniliklər uğurlu alınıb və komandanın Mühəndislər Kubokunda Ferrari-ni üstələməsinə imkan yaradıb. Komanda yay fasiləsinə ikinci yerdə yollanıb və mövsümün sonuna qədər mövqeyini qoruyub.

malaysian-gp-podium

Malayziya Qran Prisi komanda üçün çox uğurlu olub. Rosberqin ilk dövrədə xeyli yer itirməsi və lider gedən Həmiltonun motorunun partlaması Red Bull-un dublu ilə nəticələnib – Daniel mövsümdə ilk qələbəsini qazanıb, finişə qədər onu təqib edən Maks isə ikinci olub.

Braziliya yarışı da yaddaqalan olub. Maks yağışlı havada baş tutan yarışda əsl şou göstərib. Yarışın sonuna doğru ardıcıl ötmələr edən sürücü İnterlaqosdakı yarışı mövsüm ərzində ən yaddaqalanlardan edib.

Mövsümün son 12 yarışında 12 podium əldə edən Red Bull komandası gələn il reqlamentdəki ciddi dəyişikliklərdən istifadə edərək irəliyə doğru növbəti addımı atmağa ümid edir. Ədrian Nyui indiyə qədər belə vəziyyətlərdə maksimuma nail olmaq şansını nadir hallarda əldən verib. Buna görə də komandada hər kəs növbəti mövsüm barədə nikbindir.

Komanda hər iki sürücüsü ilə müqaviləsini hələ mövsüm başa çatmamışdan uzadıb. Niko Rosberqin gözlənilmədən karyerasını bitirməsindən sonra Mercedes AMG-yə keçə biləcək sürücülər arasında Daniel və Maksın adları da çəkilib. Lakin Helmut Marko dəfələrlə xəbərdarlıq edib: “Bizim sürücülərimiz satılmır və gələn mövsüm komandanın tərkibində titul uğrunda mübarizə aparacaqlar”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*