McLaren 2015-ci illə müqayisədə irəliləyişə nail olub, lakin nəticələr yenə də həm komandanın, həm də azarkeşlərin gözlədiyi kimi olmayıb. Mövsümün sonunda isə McLaren-ə uzun müddət rəhbərlik etmiş Ron Dennis vəzifəsindən gedib…
N | Sürücü | Yarış | Yer | Xal | Ən yaxşı start | Ən yaxşı finiş |
14 | Fernando Alonso | 20 | 10 | 54 | 7 | 5 |
22 | Censon Batton | 21 | 15 | 21 | 3 | 6 |
47 | Stoffel Vandorn | 1 | 20 | 1 | 12 | 10 |
McLaren | Yarış | Yer | Xal | Ən yaxşı start | Ən yaxşı finiş |
2016 | 21 | 6 | 76 | 3 | 5 |
2015 | 19 | 9 | 27 | 9 | 5 |
2014 | 19 | 5 | 181 | 3 | 2 |
2013 | 19 | 5 | 122 | 6 | 4 |
2012 | 20 | 3 | 378 | 1 | 1 |
Honda ilə yenidən əməkdaşlığın başladığı ilk ildə Mühəndislər Kubokunda sondan ikinci olan əfsanəvi komandanın 2016-cı ildə geriləməyə yeri yox idi. Honda motorçuları əvvəlki ildə ən zəif olduqları sahələri inkişaf etdirməyə çalışıblar. Bunlara ERS sistemini və turbinləri aid etmək olar. McLaren də yeni şassini yığarkən əvvəlki ildəki uğursuzluqları nəzərə alaraq kompakt arxa hissədən qismən imtina edib.
Komanda 2016-cı ildə də iki təcrübəli çempionla – Fernando Alonso və Censon Battonla yarışıb.
Yanvarın ortalarında Volkswagen Motorsport-un başçısı Yost Kapito McLaren-in baş icraçı direktoru təyin edilib. Lakin Yost işə xeyli müddət keçəndən sonra başlayıb. Yasuhisa Arai Honda Motorsport-un başçısı postunu tərk edib. Onu daha əvvəl BAR-Honda və Jordan komandalarında işləmiş Yusuke Haseqava əvəzləyib.
Komandanın yeni maşını MP4-31 qış testlərindən bir gün əvvəl təqdim edilib. Testlərdə əvvəlki illə müqayisədə daha az problem yaranıb, lakin yenə də nasazılıqlar və vaxt itkisi olub. Odur ki, komanda Avstraliyaya testlərdə sınaqdan keçirə bilmədiyi bir çox hissələrlə yola düşməli olub. Erik Bulye etiraf edib: “Biz hər şeyin yaxşı olmasını istədik, lakin hələ o səviyyəyə gəlib çatmamışıq. Bunun da bir neçə səbəbi var. Qarşımıza ciddi məqsədlər qoymuşuq, lakin komanda hələ 100% hazır deyil”.
Melburndakı sıralanma turunda komandanın 2015-ci illə müqayisədə daha yaxşı vəziyyətdə olduğu görünüb – hər iki sürücü ikinci sessiyaya keçə bilib. Lakin yarışda xal qazanmaq mümkün olmayıb. Batton 14-cü olub, Alonso isə ağır qəzaya uğrayıb.
Yarışın 17-ci dövrəsində Esteban Qutyerresə hücum edən ispan sürücü onunla toqquşduqdan sonra maşın havadan bir neçə dəfə fırlanıb və təhlükəsizlik bariyerlərinə çırpılıb. Maşın demək olar ki, tamamilə dağılıb. Alonso özü isə zədələnib. Həkimlər qabırğasında sınıq aşkar edildiyindən onu növbəti yarışa buraxmayıblar.
Bəhreyn Qran Prisində Fernandonu 2015-ci ilin GP2 çempionu Stoffel Vandorn əvəz etməli olub. Bu qərar o qədər ani olub ki, Yaponiyadan Bəhreynə gəlməli olan gənc sürücü yarış və maşının idarə olunması ilə bağlı bəzi təlimatlarla təyyarədə tanış olub. Lakin yarış onun üçün uğurlu olub. Stoffel onuncu yeri tutaraq komandasına mövsümdəki ilk xalı qazandırıb.
Çindəki yarışdan əvvəl həkimlər Alonsonu bir daha müayinə ediblər və onun yarışmasına icazə veriblər. Komanda bu yarışda da xal toplaya bilməyib. Düzlükdə maksimum sürətdə rəqiblərinə 11 km/saat uduzduqlarından, çoxları keçənilki problemlərin təkrarlandığını düşünüblər. Honda güc qurğusu üzərində işləyib və Soçidə vəziyyət düzəlib. Sıralanma turunda 12-ci və 14-cü olan McLaren sürücülərinin hər ikisi yarışı xalla başa vurublar.
Monakonun dar küçələrində motorun gücü ön plana çıxmadığından, hamı McLaren-dən yaxşı nəticə gözləyirdi. Belə də olub. Komanda yarışı 12 xalla başa vurub – motorun yeni versiyası ilə yarışan Alonso beşinci, Batton isə doqquzuncu olub. Erik Bulye təvazökarlıqla bildirib ki, bu nəticə McLaren-in hədəflərinə uyğun deyil. Lakin mövsümün gedişində daha artığına nail ola bilməyiblər. Komanda bu nəticəni bir də Ostində təkrarlaya bilib.
Komandanın Pirelli-nin 2017-ci il üçün olan təkərlərinin testlərindən imtina səbəbi də maraqlı olub. FİA testlərə keçən mövsümün maşını və motoru ilə qatılmağa icazə verirdi, yeni motorlardan istifadə etmək olmazdı. Lakin Honda-nın bir il əvvəlki motorundan qalmayıb…
Sentyabrın əvvəlində komandanın gələnilki sürücü heyəti müəyyənləşib. Censon Batton komanda ilə müqaviləsini uzatsa da, gələn mövsüm yarışmayacağını açıqlayıb. Lakin onun müqaviləsində 2018-ci ildə yenidən yarışmaqla bağlı bəndin olduğu bildirilirdi. Fernando Alonsonun komanda yoldaşı isə gənc və perspektivlər vəd edən Stoffel Vandorn olacaq.
Lakin Censon Əbu Dabi Qran Prisi ərəfəsində bildirib ki, yenidən yarışmağı planlaşdırmır.
Bir müddət əvvəl isə komandada böyük qalmaqal baş verib. Daha əvvəldən də şayiələr gəzirdi ki, səhmdarlar komandaya 35 ildir ki rəhbərlik edən, eyni zamanda da McLaren Technology Group-un rəhbəri olan Ron Dennisi vəzifəsindən göndərməyə hazırlaşırlar. Dennis ona vəzifəsindən getməsi üçün edilən təzyiqlərə görə məhkəməyə müraciət etsə də, iddiaları rədd edilib.
Nəhayət, səhmdarların iclası baş tutub və təcrübəli mütəxəssis vəzifələrindən getməli olub. Səhmdarlar buna səbəb kimi Dennisin idarəetmə üsulunu göstəriblər. Ron Dennis McLaren-in son 35 ildəki uğurları da vacib rol oynayıb. Lakin bundan sonra onun yerini Zek Braun tutacaq…
Komanda 2017-ci ilin şassisinin hazırlanmasına kifayət qədər tez başlayıb. Alonso və Vandorn yeni maşının virtual modelini simulyatorda idarə ediblər. Komandada gələn il ciddi irəliləyiş əldə olunmasına böyük ümidlər bəslənilir. Eyni tərəqqi Honda motorlarından da gözlənilir – onlar yeni motor üzərində işləməyə ilin əvvəlindən başlayıblar.
Yusuke Haseqava: “Bizim üçün mövsüm başa çatmayıb. 2017-ci ilin motoru üzərində işləmək üçün əməkdaşların sayını artırmışıq. Büdcə məhdudiyyətləri hər zaman var. Lakin mən çəkilən xərclərin qarşılığında yaxşı nəticə göstərəcəyimizə inandırsam, Honda maliyyə məsələlərinə daha çevik reaksiya verər. Bizim sadəcə zamana ehtiyacımız var”.
Vandornu öz nəslinin ən istedadlı və perspektivli pilotlarından biri adlandırırlar – komandanın nə qədər inkişaf edəcəyini və onun Alonso ilə mübarizəsini izləmək çox maraqlı olacaq…