Yeni sahibi, rəhbərliyi, sürücüləri və maşının fərqli rəng çalarları ilə tamamilə yenilənmiş Manor mövsümü çox da pis keçirməyib. Lakin nəticə dəyişməz olaraq qalıb – Mühəndislər Kubokunda sonuncu yer.
N | Sürücü | Yarış | Yer | Xal | Ən yaşı start | Ən yaxşı finiş |
94 | Paskal Verlyayn | 21 | 19 | 1 | 12 | 10 |
31 | Esteban Okon | 9 | 23 | 0 | 17 | 11 |
88 | Rio Haryanto | 12 | 24 | 0 | 16 | 15 |
Manor / Marussia F1 Team | Yarış | Yer | Xal | Ən yaxşı start | Ən yaxşı finiş |
2016 | 21 | 11 | 1 | 12 | 10 |
2015 | 19 | 10 | 0 | 12 | 12 |
2014 | 16 | 9 | 2 | 12 | 9 |
2013 | 19 | 10 | 0 | 15 | 13 |
2012 | 20 | 11 | 0 | 18 | 12 |
Komanda bu mövsüm ilk dəfə qış testlərinə qoşulub. Maşını güc qurğusu ilə Mercedes, ötürmələr qutusu ilə isə Williams təchiz edib. Texniki direktor Con MakKullyamın rəhbərliyi ilə hazırlanmış maşın Barselonada ilk test günündə nümayiş olunub. Komandaya rəhbər kifayət qədər nüfuzlu Deyv Rayan təyin olunub. O, mövsümün əvvəlində bildirib: “Komandadakı vəziyyət bizim gözümüzlə baxdıqda, heç də pis görünmür. Artıq nəticə göstərməyin zamanıdır”.
Testlərdə sükan arxasına keçən ilk sürücü Paskal Verlyayn olub. DTM-də çempion olduqdan sonra onu Formula1-ə gətirməyə qərar verən Mercedes əvvəlcə kiçik komandada təcrübə toplamasını istəyib. Onun komanda yoldaşı isə Rio Haryanto olub – GP2-də bir neçə mövsüm keçirdikdən sonra Formula1-də yarışmağa qərar verib. Pilota şəxsi sponsoru Pertamina şirkəti və İndoneziya höküməti maddi dəstək veriblər. Ehtiyat sürücü isə Aleksandr Rossi olub. Lakin amerikalı sürücü İndyCar seriyasında yarışdığından, onu mövsüm ərzində çox az hallarda paddokda görmüşük. Komandanın devoloper sürücüsü Cordan Kinq mövsüm ərzində daha fəal iştirak edib – bir neçə dəfə cümə günləri sərbəst yürüşlərdə əsas sürücülərdən birini əvəzləyib.
Sürpriz baş verməyib – Melburndakı təsnifat mərhələsində Manor sürücüləri son iki yeri tutublar. Lakin liderlə fərq əvvəlki illə müqayisədə daha az olub – 4 saniyə. Bundan əlavə, əvvəlki mövsüm komandanın sürücüləri yalnız bir-biri ilə yarışırdılarsa da, artıq mövsümün ikinci yarışında Verlyayn digər komandaların sürücülərini də qabaqlayaraq finiş xəttini 13-cü keçib.
Komandanın yeni maşını əvvəlki illə müqayisədə təkcə sürətli yox, həm də daha etibarlı olub. Mövsüm ərzində cəmi üç dəfə mexaniki problemlər ucbatından yarışı saxlamalı olan komanda bu nəticəyə görə bir çoxlarını üstələyib. Başqa ciddi heç bir şey baş verməyib, xırda problemlər isə operativ şəkildə aradan qaldırılıb.
Manor üçün ən uğurlu yarış Avstriya Qran Prisi olub. Sıralanma turunda 12-ci olan, yarışa isə 11-ci yerdən başlayan Verlyayn yekunda onuncu olaraq komandasına mövsümdəki ilk və yeganə xalı qazandırıb. Həmin vaxtlarda Sauber komandası hələ xal qazanmamışdı və bu nəticə Manor-u Mühəndislər Kubokunda onuncu yerə yüksəltmişdi.
Rio Haryanto cəmi 12 yarışa çıxa bilib – indoneziyalı komandaya ödənməli olan məbləğin bir hissəsini ödəmişdi, lakin bir çox cəhdlərə baxmayaraq, qalan məbləği tapa bilməyib. Komanda onu ehtiyat sürücü edib, onun maşını isə Esteban Okona həvalə olunub. Gənc fransız sürücü aşağı seriyalarda bir çox uğurlar əldə edib və Mercedes tərəfindən dəstəklənir. Mercedes onun karyerasını DTM-də davam etdirmək və ya Formula1-də testlərdə onun köməyindən istifadə etmək barədə düşünürdü. Lakin onlar Manor-dakı vəziyyətdən dərhal istifadə ediblər və Okona yarışmaq şansı veriblər.
Qalan doqquz yarış Okon üçün test xarakteri daşıyırdı, çünki sonradan komandaya qoşularaq Verlyayna müqavimət göstərmək çox çətin olardı. Lakin Esteban demək olar ki, hər yarışda daha yaxşı təsir bağışlayıb. Yekunda isə daha təcrübəli Verlyayn yox, məhz o, Force İndia-da gələn mövsüm yarışmaq üçün dəvət edilib.
Braziliya Qran Prisində Felipe Nasr doqquzuncu yeri tutaraq komandasına 2 xal qazandırıb. Beləliklə, Manor Mühəndislər Kubokundakı mövqeyini itirərək sonuncu – 11-ci yerə düşüb. Dərhal komandanın gələn il fəaliyyətini dayandıracağı barədə şayiələr yaranıb. Lakin rəhbərlik bunu təkzib edib. Komandanın sahibi Stivens Fitspatrik yeni investorlarla danışıqlar apardıqlarını, artıq ilkin razılaşmanın əldə olunduğunu bildirib.
Dəfələrlə sahibi dəyişən Manor istənilən nəticələri əldə edə bilmir. Lakin Mercedes ilə sıx əməkdaşlıq onların xeyrinə ola bilər. Gələn mövsüm reqlamentdə ciddi dəyişikliklər olacaq. Manor bundan istifadə edə biləcək, yoxsa yenə autsayder olaraq qalacaq? Cavab demək olar ki, aydındır. Lakin komandanın gənc istedadları yetişdirildiyi yer adlandırmaq olar – bu da hörmətə layiqdir…