Yas Marinada həm də Fettel və Maks sürücülər çempionatında, Force İndia ilə Williams komandaları isə Mühəndislər Kubokunda dördüncülük uğrunda mübarizə aparıblar.
Bu yarış həm də Formula1-də uzun illər yarışmış iki sürücü – Felipe Massa və 2009-cu ilin Dünya Çempionu Censon Batton üçün sonuncu olub. Battonun müqaviləsində 2018-ci ildə yenidən yarışmaqla bağlı bənd olduğu bildirilsə də, sürücünün özü bu yarışa son yarış kimi baxdığını bildirmişdi.
F-1.az xatırladır ki, sərbəst yürüşlərdə cümə günü Həmilton, şənbə günü isə Fettel protokollara başçılıq etmişdi. Sıralanma turunda isə Həmilton bu mövsüm 12-ci, karyerasında isə 61-ci poulunu qazanmışdı.
Pirelli Əbu Dabiyə ən yumşaq tərkibləri – Soft, SuperSoft və UltraSoft təkərləri gətirib. Red Bull sürücüləri yarışa sıralanma turunun ikinci sessiyasında SuperSoft təkərlərlə sürətli dövrə vurduqları üçün elə bu tərkiblə, ilk onluqdakı qalan sürücülər isə UltraSoft təkərlərlə başlayıblar. Sıralanma turunda üçüncü sessiyaya keçməyən sürücülər müxtəlif strategiyalar seçiblər – Batton, Qrojan, Maqnussen, Okon və Eriksson Soft, Qutyerres, Kvyat, Nasr və Sayns SuperSoft, Bottas, Palmer və Verlyayn isə UltraSoft təkərlərlə start alıblar.
Startda Həmilton və Rosberq mövqelərini qoruyublar, Rəykkönen isə Rikkardonu keçərək üçüncülüyə yüksəlib. Hülkenberqlə toqquşan Ferstappen yerində fırlanıb və sonuncu yerə düşüb. Maqnussen dərhal pit-stop edib və həm maşının ön qanadını dəyişdirilib, həm də Soft təkərlərə keçib. İkinci dövrənin sonunda ilk onluq belə olub: Həmilton – Rosberq – Rəykkönen – Rikkardo – Fettel – Hülkenberq – Peres – Alonso – Massa – Bottas.
Ferstappen ardıcıl ötmələr edərək artıq üçüncü dövrədə 13-cü yerə qədər yüksəlib. Beşinci dövrədə Maqnussen, yeddinci dövrədə isə Bottas problemlərə görə boksa çağrılıblar və hər iki sürücü mübarizəni dayandırıb. Yeddinci dövrədə Sayns və Verlyayn, səkkizinci dövrədə Həmilton, Rəykkönen, Alonso, Palmer və Nasr, doqquzuncu dövrədə isə Rosberq, Fettel, Hülkenberq və Massa təkərləri dəyişiblər. Hər iki Mercedes AMG sürücüsü pit-stopda Ferrari sürücülərinə görə ləngiməli olub və Rosberq trasa Ferstappenin arxasında qayıdıb.
On ikinci dövrədə Peres Alonsonu ötərək səkkizinciliyə yüksəlib. Ön asılqanı qırılan Batton da yarışı yarımçıq saxlamalı olub. Mübarizəni vaxtından əvvəl dayandırmalı olan digər sürücü isə həftəsonu bir çox problemlərlə üzləşmiş Daniil Kvyat olub – rus sürücünün maşınının ötürmələr qutusu 16-cı dövrədə sıradan çıxıb.
Rikkardo Rəykkönenə hücumlar etsə də, Ferrari sürücüsü yerini qoruyub. Rosberq isə yarış mühəndisinin məsləhətindən sonra Ferstappenə hücumlar etməyə başlayıb və nəhayət, onu keçib. Yarışın 23-cü dövrəsindən sonra ilk onuluq belə olub: Həmilton – Rosberq – Rəykkönen – Rikkardo – Fettel – Hülkenberq – Peres – Ferstappen – Massa – Alonso.
Ferstappenin 22-ci dövrədə təkərlərini dəyişməsindən sonra 25-ci dövrədə Rikkardo, 26-cı dövrədə isə Rəykkönen pit-stop ediblər. Həmilton 29-cu, Rosberq isə 30-cu dövrədə pit yoluna üz tutublar. Mercedes AMG sürücülərinin maşınlarına əvvəlki pit-stopda olduğu kimi, yenə də Soft təkərlər taxılıb. Hülkenberq və Peres Alonsonu ötüblər. Fettel 38-ci dövrədə sonuncu pit-stopunu edib və trasa SuperSoft təkərlərlə qayıdıb. Yarışın 38-ci dövrəsindən sonra ilk onluq belə olub: Həmilton – Rosberq – Ferstappen – Rikkardo – Rəykkönen – Fettel – Hülkenberq – Peres – Alonso – Massa.
SuperSoft təkərlərlə olduqca sürətli olan Fettel əvvəlcə Rəykköneni, sonra isə Rikkardonu keçib. Colion Palmer 13-cü yer uğrunda mübarizədə əylənmə nöqtəsində səhvə yol verib və Saynsın maşınını vurub. Bunun nəticəsində ispan sürücü ötürmələr qutusu zədələndiyi üçün yarışı yarımçıq saxlamalı olub, Palmer isə boksa yollanıb – onun bolidinin burun hissəsi dəyişdirilib. Stüardlar insidentə görə Palmerin vaxtına 5 saniyə əlavə ediblər. Yarışın 47-ci dövrəsindən sonra ilk onluq belə olub: Həmilton – Rosberq – Ferstappen – Fettel – Rikkardo – Rəykkönen – Hülkenberq – Peres – Massa – Alonso.
Yarışın son hissəsində Həmilton rəqiblərin Rosberqə gəlib çatmaları üçün tempini bilərəkdən çox aşağı salıb. Rosberq bu barədə komandaya şikayət edib. Həmiltonla dördüncü Fettel arasındakı fərq 2.5 saniyəyə qədər düşüb. Ferstappenə hücumlar edən Fettel 51-ci dövrədə onu keçib. Pəddi Lou radiodan Lyuisə sürəti artırmalı olduğunu, əks təqdirdə yarışda qələbəni əldən verə biləcəklərini deyib, Həmilton isə cavabında titul uğrunda mübarizə apardığını bildirib. Fettelin Rosberqi keçmək cəhdləri bir nəticə verməyib.
Həmilton Yas Marinada qalib gəlib – bu, onun cari mövsümdə 10-cu, karyerasında isə 53-cü yarış zəfəridir. Rosberq isə finiş xəttini ikinci keçərək atasından 34 il sonra titulun sahibi olub. Yarışda üçüncü yerin sahibi Fettel isə İtaliya Qran Prisindən sonra ilk dəfə podiuma yüksəlib və sürücülər çempionatında dördüncülüyü özünə təmin edib. Force İndia komandası tarixinin ən böyük uğuruna imza atıb – Mühəndislər Kubokunu dördüncü yerdə tamamlayıb. Manor isə onunculuğa yüksəlmək üçün lazım olan xalları qazana bilməyib…
Beləliklə, Formula1 tarixinin ən uzun mövsümü də başa çatdı. 2016-cı il bizim üçün də əlamətdar oldu – ölkəmiz ilk dəfə bu mötəbər yarışa ev sahibliyi etdi. Qarşıda isə bizi Yeni İl bayramı, yeni maşınların təqdimatları və qış testləri gözləyir. Çox maraqlı olacaq. 2017-ci ilin ilk yarışına – Avstraliya Qran Prisinə 119 gün qalıb…
Yer | N | Sürücü | Komanda | Zaman | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:38.04.013 | 2 |
2 | 6 | Niko Rosberq | Mercedes AMG | + 0:00.439 | 2 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:00.843 | 2 |
4 | 33 | Maks Ferstappen | Red Bull | + 0:01.685 | 1 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | + 0:05.315 | 2 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:18.816 | 2 |
7 | 27 | Niko Hülkenberq | Force İndia | + 0:50.114 | 2 |
8 | 11 | Serxio Peres | Force İndia | + 0:58.776 | 2 |
9 | 19 | Felipe Massa | Williams | + 0:59.436 | 2 |
10 | 14 | Fernando Alonso | McLaren | + 0:59.896 | 2 |
11 | 8 | Roman Qrojan | Haas | + 1:16.777 | 2 |
12 | 21 | Esteban Qutyerres | Haas | + 1:35.113 | 2 |
13 | 31 | Esteban Okon | Manor | +1 dövrə | 2 |
14 | 94 | Paskal Verlyayn | Manor | +1 dövrə | 2 |
15 | 9 | Markus Eriksson | Sauber | +1 dövrə | 1 |
16 | 12 | Felipe Nasr | Sauber | +1 dövrə | 2 |
17 | 30 | Colion Palmer* | Renault | +1 dövrə | 3 |
(*) – Colion Palmerin vaxtına 5 saniyə əlavə edilib.
Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:43.729 (43-cü dövrə, 192.756 km/saat)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Kevin Maqnussen | Renault | 5 | Asılqan |
Valtteri Bottas | Williams | 6 | Mexaniki problem |
Censon Batton | McLaren | 12 | Asılqan |
Daniil Kvyat | Toro Rosso | 14 | Ötürmələr qutusu |
Karlos Sayns | Toro Rosso | 41 | Ötürmələr qutusu |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 6 | Niko Rosberq | Mercedes AMG F1 Team | 385 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG F1 Team | 380 | |
3 | 3 | Daniel Rikkardo | Red Bull Racing | 256 | |
4 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 212 | |
5 | 33 | Maks Ferstappen | Red Bull Racing | 204 | |
6 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 186 | |
7 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 101 | |
8 | 77 | Valtteri Bottas | Williams Martini Racing | 85 | |
9 | 27 | Niko Hülkenberq | Sahara Force İndia F1 Team | 72 | |
10 | 14 | Fernando Alonso | McLaren Honda Formula 1 Team | 54 | |
11 | 19 | Felipe Massa | Williams Martini Racing | 53 | |
12 | 55 | Karlos Sayns | Scuderia Toro Rosso | 46 | |
13 | 8 | Roman Qrojan | Haas F1 Team | 29 | |
14 | 26 | Daniil Kvyat | Scuderia Toro Rosso | 25 | |
15 | 22 | Censon Batton | McLaren Honda Formula 1 Team | 21 | |
16 | 20 | Kevin Maqnussen | Renault Sport Formula 1 Team | 7 | |
17 | 12 | Felipe Nasr | Sauber F1 Team | 2 | |
18 | 30 | Colion Palmer | Renault Sport Formula 1 Team | 1 | |
19 | 94 | Paskal Verlyayn | Manor Racing MRT | 1 | |
20 | 47 | Stoffel Vandorn | McLaren Honda Formula 1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG F1 Team | Mercedes | 765 |
2 | Red Bull Racing | TAG Heuer | 468 |
3 | Scuderia Ferrari | Ferrari | 398 |
4 | Sahara Force İndia F1 Team | Mercedes | 173 |
5 | Williams Martini Racing | Mercedes | 138 |
6 | McLaren Honda Formula 1 Team | Honda | 76 |
7 | Scuderia Toro Rosso | Ferrari | 63 |
8 | Haas F1 Team | Ferrari | 29 |
9 | Renault Sport Formula 1 Team | Renault | 8 |
10 | Sauber F1 Team | Ferrari | 2 |
11 | Manor Racing MRT | Mercedes | 1 |