F-1.az xatırladır ki, Mercedes AMG sürücülərinin üstünlüyü artıq məşqlərdən görünürdü. Hətta qısa İnterlaqos trasında belə digər komandalarla fərqlər kifayət qədər böyük idi. Cümə günü protokollara Həmilton, şənbə günü səhər isə Rosberq başçılıq etmişdi. Sıralanma turunda isə Lyuis mövsümdəki 11-ci, karyerasındakı 60-cı poulunu qazanmışdı.
Lyuis və Niko ilk sıranı zəbt edərkən, onlardan arxadakı dörd yer uğrunda Red Bull və Ferrari sürücüləri mübarizə aparmış, bu mübarizədə Rəykkönen qalib gəlmişdi. Ferstappen yarışa dördüncü, Fettel və Rikkardo isə müvafiq olaraq beşinci və altıncı yerlərdən başlamağa haqq qazanmışdılar.
Pirelli Braziliyaya Hard, Medium və Soft üçlüyünü gətirib. Amma bazar günü səhərdən başlayan yağışa görə FİA yarışa yağış təkərləri ilə başlamağı tələb edib.
Sıralanma turunda mövsümdəki ən yaxşı nəticəsini göstərən Roman Qrojan boksdan start düzlüyünə gələrkən qəzaya uğrayıb və start almayıb.
Yarışın güclənməsi ilə əlaqədar stüardlar startı 10 dəqiqə ləngidiblər. Hava şəraiti dəyişməyib və start Təhlükəsizlik Maşınının (SC) arxasında verilib. Trasın bəzi yerlərdinə – xüsusilə də, 4-cü və 5-ci döngələrdə su çox olub və sürücülər bundan şikayət ediblər. Təhlükəsizlik Maşınının arxasında ilk onluq belə olub: Həmilton – Rosberq – Rəykkönen – Ferstappen – Fettel – Rikkardo – Hülkenberq – Peres – Alonso – Bottas.
SC 8-ci dövrədə trası tərk edib. Həmilton və Rosberq mövqelərini qoruyublar, Ferstappen isə Rəykköneni keçib. Massa Qutyerresi keçidə icazə verilməyən anda keçdiyi üçün bir qədər sonra cəzalandırılıb. Maqnussen və Batton pit-stopa yollanaraq trasa keçid təkərlərlə qayıdıblar. Fettel 11-ci dövrədə yerində fırlanaraq vaxt itirib. Dərhal pit-stop edən alman sürücünün arxa sol təkərinin taxılmasında gecikmə baş verib. Fettel də trasa keçid təkərlərlə qayıdıb. On ikinci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rosberq – Ferstappen – Rəykkönen – Rikkardo – Hülkenberq – Peres – Sayns – Nasr – Okon.
On üçüncü dövrədə Eriksson qəzaya uğrayıb. Onun maşını start düzlüyündə sağ divara çırpıldıqdan sonra yolun əks tərəfində – pit yolunun girişində dayanıb. Giriş məhdudlaşdığı üçün stüardlar pit-leynin girişini bağlayıblar. Lakin Ferstappen bundan əvvəl təkərlərini dəyişməyə imkan tapıb. Rikkardo isə yolun bağlandığı elan edildikdən sonra pitə yollandığı üçün 5 saniyə cəzalandırılıb.
Yarış SC-nin arxasında davam edib. Erikssonun maşını bir neçə dəqiqədən sonra təxliyə olunub. On yeddinci dövrədə pit-leyn açılıb. Yağış güclənib və Fettel yarışın qırmızı bayraqlarla dayandırılmasını istəyib. Lakin 20-ci dövrədə Maylander trası tərk edib və restart verilib. Təhlükəsizlik maşını trası tərk etdikdən bir neçə saniyə sonra Rəykkönen start düzlüyündə idarəetməni itirib və qəza edib. Onunla heç kim toqquşmayıb. Yarış qırmızı bayraqlarla dayandırılıb.
Yağış güclənməsə də, yağmağa davam edib. FİA yolu təftiş edib və yarım saatlıq gözləmədən sonra sürücülər SC-nin arxasında və yağış təkərləri ilə trasa qayıdıblar. Kvyatla toqquşan Palmerin maşını zədələndiyindən, Renault sürücüsü trasa qayıtmayıb. Daniilin maşınında da zədə olmasına baxmayaraq, yarışı davam etdirib. SC-nin arxasında ilk onluq belə olub: Həmilton – Rosberq – Ferstappen – Hülkenberq – Peres – Sayns – Nasr – Rikkardo – Okon – Verlyayn.
Hülkenberqin arxa sağ təkəri deşilib və pit-stop etməli olub. Yağışın güclənəcəyi proqnozlaşdırılıb və yarış 28-ci dövrədə yenidən qırmızı bayraqlarla dayandırılıb. Bu qərar tamaşaçılar tərəfindən etirazla qarşılanıb. Fasilə yenə də yarım saat davam edib və sürücülər Təhlükəsizlik Maşınının arxasında yağış təkərləri ilə bir daha trasa qayıdıblar. Üç dövrə sonra restart verilib və Massa dərhal keçid təkərlərini taxmaq üçün pit-stop edib. Həmilton liderliyini qoruyub, Rikkardo Nasr və Saynsı, Alonso Verlyaynı, Kvyat isə Massanı qabaqlayıb. Ferstappen xarici radiusla Rosberqi keçib və Həmiltona çatmağa çalışıb, lakin yarışın lideri dərhal tempini artırıb. Otuz yeddinci dövrənin sonunda ilk onluq belə olub: Həmilton – Ferstappen – Rosberq – Peres – Rikkardo – Sayns – Nasr – Alonso – Fettel – Okon.
Yarışın 39-cu dövrəsində səhvə yol verən Maks xeyli vaxt itirib, lakin Rosberqə qarşı mövqeyini qoruya bilib. Rikkardo pit-stopda cəzasını çəkdikdən sonra təkərlərini dəyişib, Fettel isə yeddincilik uğrunda mübarizədə Alonsonu qabaqlayıb. Keçid təkərlər yaxşı işlədiyindən, 44-cü dövrədə Ferstappen boksa yollanıb və təkərlərini dəyişdirib. Lakin bir qədər sonra yağış güclənib və keçid təkərlərində olan sürücülərin templəri aşağı düşüb. Rosberq Ferstappenlə eyni yerdə səhvə yol verib, lakin idarəetməni itirməyib. Buna baxmayaraq, alman sürücü təxminən 5 saniyə itirib. Yarışın 48-ci dövrəsində Massa qəzaya uğrayıb. Təhlükəsizlik Maşını növbəti dəfə trasa çıxıb. Maşın təxliyə edilənə qədər pit-leynə giriş qadağan edilib.
İnterlaqosda duyğulu anlar yaşanıb – əlində Braziliya bayrağı ilə azarkeşləri salamlayan Massa göz yaşlarını saxlaya bilməyib. Doğma trasda son yarışına çıxan sürücünü pit-leyndə bütün komandaların üzvləri alqışlayıb. Onu həyat yoldaşı və oğlu qarşılayıblar.
Yarışın 52-ci dövrəsində pit-leynə girişə icazə verilib. Rikkardo dərhal yağış təkərlərinə keçib, Ferstappen də üç dövrə sonra eyni addımı atıb. Onun təkəri yeni olmasa da, digər sürücülərlə müqayisədə, az işlənmiş olub. Restart verilib və Həmilton mövqeyini qoruyub. 56-cı dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rosberq – Peres – Sayns – Fettel – Nasr – Hülkenberq – Okon – Kvyat – Bottas.
Ferstappen yarışın son dövrələrində sürətini artırıb. Gənc sürücü əvvəlcə Bottas, Kvyat və Okonu qabaqlayıb. Qutyerres ERS sistemindəki problemə görə yarışı tərk edib. Esteban məyusluğunu çox emosional şəkildə bildirib və onu sakitləşdirməyə çalışan rəhbərliklə arasında gərginlik olub. Lakin bir qədər sonra hər şeyi yoluna qoyublar. Sonrakı dövrələrdə Maks Rikkardo, Nasr və Hülkenberqi ötüb. Yarışın 67-ci dövrəsində Saynsı qabaqlayan Maks daha sonra Fetteli keçib. Podiuma çıxmağa çox yaxın olan Peresin istəyi baş tutmayıb – hollandiyalı onu da keçib və üçüncü yerə yüksəlib. Xal qazanmağa yaxın olan Okon isə son dövrədə Alonso və Bottasa keçilərək ilk onluqdakı mövqeyini itirib.
Braziliya Qran Prisi tarixə düşəcək – yarış 3 saat davam edib və möhtəşəm alınıb. Həmilton karyerasındakı 52-ci, İnterlaqosda ilk qələbəsini qazanıb. Yarışı ikinci yerdə başa vuran Rosberq çempionatdakı liderliyini qoruyub – onların arasındakı xal fərqi 12-ə enib. Yarışın qəhrəmanı Ferstappen üçüncü olub. Red Bull Mühəndislər Kubokunda ikinciliyi təmin edib. Williams-ın xalsız başa vurduğu yarışda Force İndia sürücüləri dördüncü və yeddinci yerləri tutaraq komandanın Mühəndislər Kubokundakı dördüncülüyü üçün böyük addım atıblar. Yarışı doqquzuncu yerdə başa vuran Nasr Sauber-ə olduqca böyük əhəmiyyət daşıyan 2 xal qazandırıb – komanda Mühəndislər Kubokunda Manor-u qabaqlayıb.
Mövsümə iki həftə sonra Əbu Dabidə yekun vurulacaq. Son yarışda çempionun kim olacağına aydınlıq gələcək. Vaxt tez ötüb keçəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 3:01:01.335 | 2 |
2 | 6 | Niko Rosberq | Mercedes AMG | + 0:11.455 | 2 |
3 | 33 | Maks Ferstappen | Red Bull | + 0:21.481 | 5 |
4 | 11 | Serxio Peres | Force İndia | + 0:25.346 | 2 |
5 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:26.334 | 3 |
6 | 55 | Karlos Sayns | Toro Rosso | + 0:29.160 | 2 |
7 | 27 | Niko Hülkenberq | Force İndia | + 0:29.827 | 3 |
8 | 3 | Daniel Rikkardo | Red Bull | + 0:30.486 | 5 |
9 | 12 | Felipe Nasr | Sauber | + 0:42.620 | 2 |
10 | 14 | Fernando Alonso | McLaren | + 0:44.432 | 3 |
11 | 77 | Valtteri Bottas | Williams | + 0:45.292 | 4 |
12 | 31 | Esteban Okon | Manor | + 0:45.809 | 2 |
13 | 26 | Daniil Kvyat | Toro Rosso | + 0:51.192 | 4 |
14 | 20 | Kevin Maqnussen | Renault | + 0:51.555 | 4 |
15 | 94 | Paskal Verlyayn | Manor | + 0:60.498 | 3 |
16 | 22 | Censon Batton | McLaren | + 0:81.994 | 5 |
Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:25.305 (67-ci dövrə, 181.846 km/saat)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Esteban Qutyerres | Haas | 60 | ERS |
Felipe Massa | Williams | 48 | Qəza |
Colion Palmer | Renault | 20 | Qəza |
Kimi Rəykkönen | Ferrari | 20 | Qəza |
Markus Eriksson | Sauber | 13 | Qəza |
Roman Qrojan | Haas | – | Qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 6 | Niko Rosberq | Mercedes AMG F1 Team | 367 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG F1 Team | 355 | |
3 | 3 | Daniel Rikkardo | Red Bull Racing | 246 | |
4 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 197 | |
5 | 33 | Maks Ferstappen | Red Bull Racing | 192 | |
6 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 178 | |
7 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 97 | |
8 | 77 | Valtteri Bottas | Williams Martini Racing | 85 | |
9 | 27 | Niko Hülkenberq | Sahara Force İndia F1 Team | 66 | |
10 | 14 | Fernando Alonso | McLaren Honda Formula 1 Team | 53 | |
11 | 19 | Felipe Massa | Williams Martini Racing | 51 | |
12 | 55 | Karlos Sayns | Scuderia Toro Rosso | 46 | |
13 | 8 | Roman Qrojan | Haas F1 Team | 29 | |
14 | 26 | Daniil Kvyat | Scuderia Toro Rosso | 25 | |
15 | 22 | Censon Batton | McLaren Honda Formula 1 Team | 21 | |
16 | 20 | Kevin Maqnussen | Renault Sport Formula 1 Team | 7 | |
17 | 12 | Felipe Nasr | Sauber F1 Team | 2 | |
18 | 30 | Colion Palmer | Renault Sport Formula 1 Team | 1 | |
19 | 94 | Paskal Verlyayn | Manor Racing MRT | 1 | |
20 | 47 | Stoffel Vandorn | McLaren Honda Formula 1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG F1 Team | Mercedes | 722 |
2 | Red Bull Racing | TAG Heuer | 446 |
3 | Scuderia Ferrari | Ferrari | 375 |
4 | Sahara Force İndia F1 Team | Mercedes | 163 |
5 | Williams Martini Racing | Mercedes | 136 |
6 | McLaren Honda Formula 1 Team | Honda | 75 |
7 | Scuderia Toro Rosso | Ferrari | 63 |
8 | Haas F1 Team | Ferrari | 29 |
9 | Renault Sport Formula 1 Team | Renault | 8 |
10 | Sauber F1 Team | Ferrari | 2 |
11 | Manor Racing MRT | Mercedes | 1 |