Barselona, 28.02.2017

Barselonada testlərin ikinci günündən hava nisbətən soyuq və küləkli olub. Komandalar dünənki ilə müqayisədə daha çox dövrə vurmağa çalışıblar. Onlar işlədikcə, yeni maşınları daha yaxşı anlayırlar. Fernando Alonsonun bu gün testlərdə iştirak etməməsi tribunadakı azarkeş sayına mənfi təsir göstərib.

F-1.az xəbər verir ki, testlərin ikinci günü Renault üçün yaxşı başlamayıb – Palmer əyləclərin soyutma sistemindəki problemlərə görə ancaq nahardan sonra işləyə bilib. Sauber-də Paskal Verlyaynı əvəz edən gənc Antonio Covinatsi də günün ilk hissəsini buraxmalı olub. O, iki dövrə vurduqdan sonra məlum olub ki, motoru dəyişmək lazımdır. Komanda problemi həll edib və italyan sürücü nahardan sonra fəal olub.

 

Force İndia ilk günü qazburaxma sistemindəki nasazlığa görə erkən başa vurmalı olmuşdu. Onlar bu gün də bir neçə saat itiriblər, lakin günü komanda üçün uğurlu hesab etmək olar. Nahardan əvvəl Okonun maşını onuncu döngədə dayanıb və qırmızı bayraqlarla testlərə fasilə verilib. Lakin Esteban nahardan sonra xeyli məsafə qət edə bilib.

Bu mövsüm hər bir sürücü dörd güc qurğusundan istifadə edə biləcək. Lakin McLaren iki gün ərzində artıq üçüncü mühərriyə keçib. İlk problem dünən meydana çıxıb və həmin mühərrik problemin səbəbinin araşdırılması üçün Honda-nın bazasına göndərilib. Honda Motorsport-un rəhbəri Yusuke Haseqava bildirib ki, problem yağ çəninin yeni formasına görə yaranmış ola bilər. Bu gün MLC32-nin sükanı arxasında Stoffel Vandorn əyləşib. Əvvəlcə hər şey qaydasında olub, lakin sonra mühərrik güc itirib. Komanda onu yenisi ilə əvəzləməyə məcbur olub.

 

Williams-da Felipe Massanı bu gün debütant Ləns Stroll əvəz edib. Kanadalı sürücü 12 dövrə vurduqdan sonra idarəetməni itirərək yoldan çıxıb və çınqıllığa düşüb. Ön qanadın bəzi elementləri sınıb və komanda onları əvəzləyə bilmədiyindən təmir üçün bazaya göndərib. Onlar sabah qaytarılacaq və Williams testlərə sabah davam edəcək.

Haas-da Kevin Maqnussen ardıcıl ikinci gün sükan arxasında əyləşib və bu gün qət edilən məsafəyə görə sürücülər arasında lider olub – 118 dövrə. Toro Rosso-da bu gün Saynsı Kvyat əvəz edib. Nahara qədər hər şey qaydasında getsə də, günün ikinci yarısında mexaniklər maşındakı problemi aradan qaldırarkən rus sürücü vaxtının xeyli hissəsini boksda keçirməli olub.

 

Ən güclü üç komandada isə işlər plana uyğun gedib. Bu gün Red Bull-da RB13-ün sükanı arxasında Maks Ferstappen əyləşib. Komanda müxtəlif konfiqurasiyalar üzərində eksperimentlər aparıb, buna görə də Maks bir qədər vaxt itirməli olub.

Mercedes AMG bu gün də hər iki sürücünün xidmətindən istifadə edib – Lyuis Həmilton günün ilk hissəsində komandaya kömək edib. Britaniyalı trasa müxtəlif miqdarda yanacaqla çıxıb və nahara qədərki ən sürətli dövrəni vurub. Onu əvəzləyən Valtteri Bottas isə builki testlərdə yarış simulyasiyasına keçən ilk sürücü olub. Komanda qət edilən məsafəyə görə şəriksiz liderdir.

 

Bu gün Ferrari-də SF70H-ı Kimi Rəykkönen idarə edib. O, dövrə sayında Fetteldən geri qalsa da, günün ən sürətli dövrəsini vurub – Həmiltonun SuperSoft təkərlərlə göstərdiyi nəticəni Soft təkərlərlə üstələyib.

Testlər sabah davam edəcək və əksər komandalarda sürücü dəyişikliyi olacaq…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 7 Kimi Rəykkönen Ferrari 1:20.960 108 Soft
2 44 Lyuis Həmilton Mercedes AMG 1:20.983 + 0:00.023 66 SuperSoft
3 33 Maks Ferstappen Red Bull 1:22.200 + 0:01.240 89 Soft
4 20 Kevin Maqnussen Haas 1:22.204 + 0:01.244 118 SuperSoft
5 31 Esteban Okon Force İndia 1:22.509 + 0:01.549 86 Soft
6 26 Daniil Kvyat Toro Rosso 1:22.956 + 0:01.996 68 Soft
7 77 Valtteri Bottas Mercedes AMG 1:22.986 + 0:02.026 102 Medium
8 30 Colion Palmer Renault 1:24.139 + 0:03.179 53 Soft
9 36 Antonio Covinatsi Sauber 1:24.617 + 0:03.657 67 Soft
10 2 Stoffel Vandorn McLaren 1:25.600 + 0:04.640 40 Soft
11 18 Ləns Stroll Williams 1:26.040 + 0:05.080 12 Medium
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*