Barselona, 27.02.2017

Yeni reqlament, yeni təkərlər, yeni maşınlar... Barselonada qış testlərinin ilk günü kifayət qədər maraqlı alınıb. Ötən həftə bütün komandalar maşınlarını təqdim etmişdilər və onları artıq bu gün trasda sınaqdan keçiriblər. İlk yarışa isə 26 gün qalır...

F-1.az bildirir ki, testlərin ilk günü problemsiz ötüşməyib. Fernando Alonso motordakı yağ sızıntısına görə cəmi bir dövrə vuraraq boksa qayıdıb. Komanda maşını trasa bir də axşam saatlarında qaytara bilib, bu da Fernandonu izləməyə gələn çoxsaylı azarkeşləri məyus edib.

 

Erik Bulye bunun gözlənilməz olduğunu, Honda-dan cavab gözlədiklərini bildirib. Beləliklə, Fernando testlərin ilk gününü qət edilən məsafəyə görə sonuncu yerdə başa vurub. Dövrəvi nəticəyə görə isə yalnız Markus Erikssonu üstələyib.

Daniel Rikkardo da günün ilk hissəsində güc qurğusundakı problemə görə dayanmalı olub. Nahardan sonra trasa qayıdan avstraliyalı bu dəfə də batareya probleminə görə boksa gəlib. Komanda onu trasa bir də axşam saatlarında buraxa bilib. Haas-ın yeni sürücüsü Kevin Maqnussenin maşını əvvəlcə pit yolunun girişində dayanıb, bir qədər sonra isə danimarkalı qəza edərək maşını baryerlərə vurub.

 

Maqnussen nahar fasiləsində bildirib ki, onuncu döngədən əvvəl idarəetməni itirib. Force İndia-nı testlərin ilk günündə Serxio Peres təmsil edib. Günün ilk hissəsi problemsiz keçib və meksikalı 39 dövrə vurub. Lakin sonra qazburaxma sistemindəki nasazlığa görə komanda günü erkən başa vurmalı olub.

Mercedes AMG isə keçən il də olduğu kimi, gün ərzində iki sürücünün köməyindən istifadə edir. Belə olduqda, sürücülərin üzərinə çox yük düşmür və komanda daha çox məsafə qət edə bilir. Günün ilk hissəsində Valtteri Bottas, nahardan sonra isə Lyuis Həmilton W08-in sükanı arxasına keçiblər.  Bottas 79, Həmilton isə 73 dövrə vurub. Komanda nahardan əvvəl və sonra fərqli aerodinamik elementləri sınaqdan keçirib ki, yekunda müqayisə etmək mümkün olsun. Onlar qət edilən məsafəyə görə birinci olublar və ilk günün nəticələrindən razı qalıblar.

 

Həmilton günün ən sürətli dövrəsini vurub – 1:21.765. Onun dövrəsi keçənilki poul nəticəsini üstələyib. Trasın rekordu 2008-ci ildəki 1:18.339-luq nəticədir. Bu, hələ ki, əlçatmaz görünür. Lakin nəzərə almalıyıq ki, yeni maşınlardan gözləntilər çoxdur və testlərin ilk günündə komandalar adətən sürətli dövrələr vurmağa çalışmırlar.

Sürücülər arasında ən çox məsafə qət edən isə Sebastyan Fettel olub. O, 129 dövrə vurub. Alman sürücü əsasən Medium təkərlərlə işləyib. İlk günün nəticələrinə əsasən SF70H-ı sürətli və sabit hesab etmək olar. Jurnalistlər testlər yekunlaşdıqdan sonra Sebastyanın fikirlərini öyrənməyə çalışıblar, lakin o, heç bir şərh verməyib.

 

Qeyd edək ki, gün ərzində göyün üzü əsasən açıq olub, havanın hərarəti +10 dərəcədən+20 dərəcəyə, asfaltın istiliyi isə +13 dərəcədən +29 dərəcəyə qədər dəyişib. Testlər sabah davam edəcək və əksər komandalarda sürücü dəyişikliyi olacaq…

Yer N Sürücü Komanda Zaman/Fərq Dövrə Təkər
1 44 Lyuis Həmilton Mercedes AMG 1:21.765 73 Soft
2 5 Sebastyan Fettel Ferrari + 0:00.113 128 Medium
3 19 Felipe Massa Williams + 0:00.311 103 Soft
4 20 Kevin Maqnussen Haas F1 + 0:01.129 51 Soft
5 3 Daniel Rikkardo Red Bull Racing + 0:01.161 50 Soft
6 77 Valtteri Bottas Mercedes AMG + 0:01.404 79 Soft
7 11 Serxio Peres Force İndia + 0:01.944 39 Soft
8 55 Karlos Sayns Toro Rosso + 0:02.729 51 Medium
9 27 Niko Hülkenberq Renault + 0:03.019 57 Medium
10 14 Fernando Alonso McLaren + 0:03.087 29 Soft
11 9 Markus Eriksson Sauber + 0:05.076 72 Medium

 

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*