F-1.az xəbər verir ki, komandalar səhər saatlarında daha çox aerodinamika üzərində çalışıblar – maşınların müxtəlif hissələrindəki rəngli boyalar da bundan xəbər verirdi. Sonrakı saatlarda isə diqqətlərini daha çox məsafə qət etməyə yönəldiblər.
McLaren üçün bu gün də problemsiz ötüşməyib və Fernando Alonso bir neçə saat boksda gözləməli olub. Onun qət etdiyi məsafə komandanın digər sürücüsü Stoffel Vandornun dünənki nəticəsindən iki dəfə az olub. Maks Ferstappen də güc qurğusunun əvəzlənməsinə görə vaxt itirib, buna baxmayaraq, gün ərzində ən çox dövrə vuran sürücü olub. Lakin Red Bull əvəzlənən motorların sayına görə heç də McLaren-dən geri qalmır.
Renault-da Colion Palmer səhər seansında trasa çıxmaq üçün xeyli gözləməli olub və nəticədə gün ərzində ən az dövrə vuran sürücü olub. Nahardan sonra onu əvəzləyən Niko Hülkenberq üçün isə günü məhsuldar hesab etmək olar – alman sürücü 61 dövrə vurub.
Axşam saatlarında seans üç dəfə qırmızı bayraqlarla dayandırılıb. İdarəetməni itirən Kimi Rəykkönen çınqıllığa çıxıb. Əvvəlcə maşının arxası, sonra isə önü baryerlərdə dəyib. Maşının qanadı və asılqanı zədələnib və finlandiyalı üçün test günü başa çatıb. Qəzadan 12 dəqiqə sonra yaşıl işıqlar yanıb və testlər davam edib.
Qırmızı bayraqlar ikinci dəfə Ferstappenin maşınının 13-cü döngədə dayanmasına görə dalğalanıb. Maşın tezliklə təxliyə olunub və sürücülərin prqoramlarını başa çatdıra bilmələri üçün sessiya beş dəqiqə uzadılıb. Lakin bu dəfə də Markus Erikssonun maşınında problem meydana gəlib. Üçüncü qırmızı bayraqdan sonra sessiya davam etdirilməyib.
Valtteri Bottas builki testlərin hələ ki, ən sürətli dövrəsini vuraraq protokollara başçılıq edib – 1:19.310. Felipe Massanın nəticəsi də ona yaxın olub.
Testlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:19.310 | – | 70 | SuperSoft |
2 | 19 | Felipe Massa | Williams | 1:19.420 | + 0:00.110 | 63 | UltraSoft |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:20.406 | + 0:01.096 | 53 | Soft |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:20.432 | + 0:01.122 | 102 | Soft |
5 | 18 | Ləns Stroll | Williams | 1:20.579 | + 0:01.269 | 59 | SuperSoft |
6 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:20.702 | + 0:01.392 | 79 | Soft |
7 | 27 | Niko Hülkenberq | Renault | 1:21.213 | + 0:01.903 | 61 | SuperSoft |
8 | 11 | Serxio Peres | Force İndia | 1:21.297 | + 0:01.987 | 100 | SuperSoft |
9 | 55 | Karlos Sayns | Toro Rosso | 1:21.872 | + 0:02.562 | 92 | Soft |
10 | 8 | Roman Qrojan | Haas | 1:21.887 | + 0:02.577 | 96 | UltraSoft |
11 | 94 | Paskal Verlyayn | Sauber | 1:23.000 | + 0:03.690 | 59 | Soft |
12 | 14 | Fernando Alonso | McLaren | 1:23.041 | + 0:03.731 | 46 | Soft |
13 | 9 | Markus Eriksson | Sauber | 1:23.384 | + 0:04.074 | 46 | Soft |
14 | 30 | Colion Palmer | Renault | 1:24.774 | + 0:05.464 | 29 | SuperSoft |