F-1.az bildirir ki, gün Renault üçün heç də uğurlu başlamayıb. Colion Palmer idarəetməni itirib və çınqıllığa düşüb. Sessiya qırmızı bayraqlarla dayandırılıb və maşın operativ şəkildə evakuasiya olunub. Palmeri nahardan sonra Niko Hülkenberq əvəz edib. Maşında və güc qurğusunda heç bir nasazlıq olmayıb.
Force İndia bugünkü testlərdə maşını əsas sürücülərə yox, gənc meksikalı Alfonso Selişə tapşırıb – bu, qış testlərində orta qrupda yarışan komanda üçün qeyri-standart qərardır. Williams-ın proqramında isə dəyişiklik olub – bugünkü testdə əvvəldən planlaşdırıldığı kimi Felipe Massa yox, Ləns Stroll iştirak edib. Dünən çınqıllığa düşərək ön qanadı zədələyən və günü erkən başa vuran Stroll bu gün də beşinci döngədə idarəetməni itirib və divara dəyib. Günü iki saat tez yekunlaşdırsa da, 98 dövrə vura bilib.
McLaren Honda problemlərə keçən ilk iki gündə iki güc qurğusu dəyişdikdən sonra bu gün normal işləyə bilib. Fernando səhər aerodinamikanı yoxlamaq məqsədi ilə bir neçə dövrə vurub. Növbəti saatlarda trasda daha çox vaxt keçirən ispan sürücü 72 dövrə vurub ki, bunu komanda üçün qənaətbəxş hesab etmək olar. Toro Rosso-da nahara qədər Daniil Kvyat sükan arxasında olub. Lakin bu gün də komanda müəyyən fasilələrlə işləyə bilib. Günün ikinci hissəsində rus sürücünü Karlos Sayns əvəz edib. Lakin Saynsın maşını 31 dövrə vurduqdan sonra dördüncü döngədə qalıb. Sessiya bir daha qırmızı bayraqlarla dayandırılıb və komanda üçün test günü sona çatıb.
Red Bull-un sürücüsü Daniel Rikkardo problemlə üzləşsə də, yenidən trasa qayıda bilib. Avstraliyalı 69 dövrəlik məsafə qət edib, dövrəvi nəticəyə görə isə üçüncü olub. Ferrari-ni Sebastyan Fettel təmsil edib və ilk gündə olduğu kimi, ən çox məsafə qət edən sürücü olub. Komanda yanacaq sisteminin ötürücülərini də sınaqdan keçirib. Alman sürücü günün ən sürətli ikinci dövrəsini Soft təkərlərlə vurub. Ferrari-nin əldə etdiyi nəticələr hələ ki, qənaətbəxş görünür. Komanda geridə qalan üç gün ərzində daha çox Medium təkərlərlə işləməyə üstünlük verib.
Mercedes AMG dünən Valtteri Bottasla yarış simulyasiyasını uğurla yerinə yetirmişdi. Bu gün isə nahardan sonra Bottası əvəz edən Lyuis Həmilton eyni proqramı icra edib. Lakin Lyuis ardıcıl dövrələri qırmızı bayrağa görə dayandıqmaq məcburiyyətində qalıb. Səhər saatlarında isə Bottas az yanacaq yükü və UltraSoft təkərlərlə ardıcıl sürətli dövrələr vurub. Finlandiyalı 1:19.705-lik nəticə ilə günü lider tamamlayıb – bu, həm də, ilk üç günün ən yaxşı nəticəsidir.
Bu gün trası ziyarət edənlər arasında keçən mövsüm çempion olduqdan sonra karyerasını bitirən Niko Rosberq də olub. Sabiq komandasının boksunu ziyarət edən Niko orada xeyli vaxt keçirib. Onun gəlişi jurnalistlərin və azarkeşlərin də böyük marağına səbəb olub.
Sabah mövsümöncəsi ilk testlərin sonuncu günüdür. Pirelli-nin xahişi ilə asfalt süni sulanacaq, komandalar keçid və yağış təkərləri ilə işləyəcəklər.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:19.705 | – | 75 | UltraSoft |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:19.952 | + 0:00.247 | 139 | Soft |
3 | 3 | Daniel Rikkardo | Red Bull | 1:21.153 | + 0:01.448 | 69 | Soft |
4 | 30 | Colion Palmer | Renault | 1:21.396 | + 0:01.691 | 51 | Soft |
5 | 27 | Niko Hülkenberq | Renault | 1:21.791 | + 0:02.086 | 42 | Soft |
6 | 9 | Markus Eriksson | Sauber | 1:21.824 | + 0:02.119 | 124 | SuperSoft |
7 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:22.090 | + 0:02.385 | 95 | SuperSoft |
8 | 8 | Roman Qrojan | Haas | 1:22.118 | + 0:02.413 | 55 | Soft |
9 | 18 | Ləns Stroll | Williams | 1:22.351 | + 0:02.646 | 98 | Soft |
10 | 14 | Fernando Alonso | McLaren | 1:22.598 | + 0:02.893 | 72 | UltraSoft |
11 | 55 | Karlos Sayns | Toro Rosso | 1:23.540 | + 0:03.835 | 32 | Medium |
12 | 34 | Alfonso Seliş | Force İndia | 1:23.568 | + 0:03.863 | 69 | SuperSoft |
13 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:23.952 | + 0:04.247 | 31 | Medium |