Formula1 yarışları indiyədək ölkəmizə yarım milyard dollar gəlir gətirib

“PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda 2016-2019-cu illər ərzində keçirilən Formula1 yarışları ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə faydalı olub.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti paytaxtda baş tutmuş Formula1 yarışlarının iqtisadiyyata göstərdiyi təsirlərə dair aparılmış araşdırmanın nəticələrini ictimaiyyətə təqdim edib. F-1.az araşdırmanın nəticələrinə dair hazırlanmış hesabata istinadən bildirir ki, indiyədək Bakıda keçirilmiş Formula1 yarışları ölkə iqtisadiyyatına ümumilikdə 506.3 milyon dollar gəlir gətirib.

Bu hesabat Bakıda 2016-cı ilin iyununda baş tutmuş ilk yarışdan bu günə qədər olan müddət ərzində Formula1 Qran Pri yarışına evsahibliyi etməyin ölkəyə qazandırdığı faydaların iqtisadi qiymətləndirilməsini özündə əks etdirib.

Hesabatda 506.3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində Formula1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur ki, Bakıda baş tutmuş dörd Qran Pri ərzində qeydə alınmış birbaşa gəlirlərin 73.8 milyon dolları məhz bu sektorların payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 300.6 milyon dollar təşkil edib ki, bu göstəriciyə Formula1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədar yaranmış digər gəlirlər daxildir.

İndiyədək Bakıda keçirilmiş dörd Qran Pri ərəfəsində qeydə alınmış dolayı gəlirlər isə ümumilikdə 205.7 milyon dollar təşkil edib. Hesabatda qeyd olunmuş dolayı gəlirlərə Bakıda keçirilmiş Formula 1 Qran Pri yarışlarının təşkilatçılığında birbaşa yer alan təchizatçı şirkətləri öz məhsul və xidmətləri ilə təmin edən şirkətlərin və digər əlaqədar biznes qurumlarının əldə etdiyi gəlirlər daxildir.

Bu gəlirlər sözügedən illər ərzində yerli bizneslərdə xüsusən yarışa yaxın aylarda çox sayda müvəqqəti iş yerlərinin açılmasını stimullaşdırıb. Hesablamalara görə, 2016-cı və 2017-ci illər ərzində 5-10 min arasında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018-ci və 2019-cu illərdə isə bu göstərici 7.5 min təşkil edib.

Ölkəmizin beynəlxalq miqyasda daha geniş auditoriyaya tanıdılmasında da Formula1 yarışlarının rolu böyük olub. Belə ki, 2018-ci ildə baş tutmuş Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10% artaraq 90.2 milyon nəfər təşkil edib.

BŞH-nin icraçı direktoru Arif Rəhimov beynəlxalq audit şirkətinin araşdırmasının nəticələrinə münasibət bildirib.

Arif Rəhimov: “Biz hər zaman qeyd etmişik ki, Bakıda baş tutan Formula1 yarışları ölkəyə özlüyündə əyləncədən və yarışdan daha artığını verir. Bu yarışlar ilk növbədə paytaxtda yaşayan və işləyən hər bir kəsə yeni iqtisadi, sosial və mədəni qazanc imkanları təqdim edir. Aparılan son araşdırmanın nəticələri göstərir ki, biz bu baxımdan qarşımıza qoyduğumuz bütün məqsədləri aşmışıq. Ötən il Formula1 şirkəti ilə imzaladığımız müqavilə əsasında artıq biz azı 2023-cü ilədək Azərbaycan Qran Prisini keçirə biləcəyik və indidən böyük əminlik və inamla çalışırıq ki, növbəti illərdə də möhtəşəm Formula1 yarışlarına ən yüksək səviyyədə evsahibliyi etməklə ölkəmiz üçün maksimum qazancı təmin edə bilək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*