F-1.az həmin yarışın videoyazısından xəbər verir ki, qırmızı işıqlar heç sönmədiyi halda belə bir neçə bolid start alır. Pilotların eyni anda erkən start (falstart) almasına səbəb nədir? Videonu ilk dəfə izlədəyimizdə fikirləşə bilərik ki, ilk sıradakı pilot tez start alır və hamı ona reaksiya göstərərək yerindən tez tərpənir. Videonu daha yavaş sürətlə izləsək görə bilərik ki, Ralf Şumaxerdən başqa hamı eyni zamanda start alır. Bir pilotun erkən start alması nadir hadisələrdəndir, amma bir neçə pilotun eyni anda bunu etməsi bir az təəccüb doğurur, elə deyilmi?
Bildiyimiz kimi, FİA pilotların erkən start alıb-almadıqlarını anlamaq üçün start yerlərinə xüsusi sensorlar yerləşdirir. Bu sensorların işləmə prinsipi çox sadədir. Sensorlar eyni ilə radar kimi işləyir. Üzərində maşın dayanarkən mütəmadi olaraq siqnal göndərən sensorlar qırmızı işıqlar söndükdə işini dayandırırlar. Beləliklə, işıqlar söndükdən sonra yerindən tərpənən bolid sistem tərəfindən aşkar edilmir. Bunu bilən komandalar bolidlərinə xüsusi proqram yazmağa başladılar. Belə ki, bolidə yazılan proqram sayəsində bolid sensor söndürülən kimi hərəkət etməyə başlayırdı. Bunun vasitəsi ilə komandalar həm erkən start almırdılar, həm də start çox mükəmməl olurdu.
İndi isə qayıdaq Nürburqrinqə, Avropa Qran Prisinə. İsinmə dövrəsinin sonunda Mark Jenenin Minardi-sində problem yaşanır və sürücü əlini qaldıraraq xəbər verir. Bunu görən yarışın direktoru startın ləğv edilməsinə qərar verir və qırmızı işıqları söndürməzdən əvvəl erkən start sistemini söndürür. Erkən start sisteminin söndürülməsinə reaksiya verən bolidlər start almağa başlayırlar. Lakin bu hadisədən sonra erkən start alan pilotların heç birinə cəza verilmədi.
Formula1 də belə bir hiyləgərliyin olduğunu isə biz bir müddət əvvəl Bridgestone şirkətinin Ferrari-də əməkdaşı olmuş Kess van der Grint Almaniyanın RTL telekanalına verdiyi müsahibədən öyrəndik. Biz sadəcə aysberqin görünən hissəsindən xəbərdarıq. Formula1-də edilən hiyləgərliklərin bir çoxundan isə heç vaxt xəbərdar olmayacayıq.