14 sentyabr 2003-cü il, İtaliya Qran Prisi, Montsa | |
Poul | Mixael Şumaxer (Ferrari) – 1:20.963 (257.584 km/saat) |
Sürətli dövrə | Mixael Şumaxer (Ferrari) – 1:21.832 (254.849 km/saat) |
Qalib | Mixael Şumaxer (Ferrari) – 1:14:19.838 (247.586 km/saat) |
Montsa çempionatın 16 mərhələsindən 14-cü yarışı qəbul edirdi. Kanada yarışındakı qələbəsindən sonra Mixael Şumaxer heç bir yarışı qazana bilməmişdi, hətta podiuma belə 1 dəfə qalxmışdı. Williams komandası, xüsusi ilə Montoya xeyli irəliləmişdilər. Beləliklə, çempionatın lideri Şumaxer olsa da, Montoya cəmi 1 xal, Rəykkönen isə ondan cəmi 2 xal geridə idilər. Hətta Şumaxerə 14 və 18 xal uduzan Ralf Şumaxer və Fernando Alonso titul almaq şanslarını itirməmişdilər. Bu gərgin vəziyyət Mühəndislər Kubokunda da yaranmışdı, Williams liderlik edirdi. Ferrari səkkiz xal, McLaren isə 14 xal Williams-a udzurdu.
Mövsümün ortasında Ferrari-nin zəif çıxışı Bridgestone və Michelin şinlərinin effekt fərqi ilə izah edilirdi. İsti havalarda üstünlük fransızların, soyuq havalarda isə yaponların müştərilərinə keçirdi. Montsada keçirilən yarış sentyabrın ortasında olduğu üçün temperatur çox yüksək deyildi, belə ki, həm Michelin, həm də Bridgestone şinlərinin istifadəçiləri üçün şərait bərabər idi.
Poul uğrunda mübarizə çox gərgin keçdi, Mixael Şumaxerin qalib gəlməsi tribunaları sevindirdi. Xuan Pablo Montoya Mixaelə cəmi 0,051 saniyə uduzdu. 3-cü ən sürətli nəticəni isə Rubens Barrikello göstərdi. Əvvəlki yarışın qalibi Fernando Alonso tək dövrəlik təsnifat mərhələsi formatının qurbanı oldu, şikanada səhvə yol verən ispaniyalı sürücü sonunucu yerin sahibi oldu. Protokollarda Ralf Şumaxer yox idi. İki həftə əvvəl elə Montsada testlərdə kiçik Şumaxer ağır qəzaya düşmüşdü. O zaman hər şeyin ötüb keçdiyi zənn edilsə də, sonradan alman pilot cümə sərbəst yürüçləri zamanı baş ağrısı və ürək bulanmasından şikayətləndi. Ralf həftəsonunun qalan hissəsini buraxmalıoldu. Onun yerinə Williams-ın test pilotu Mark Jene yarışdı və kvalifikasiyada 5-ci yeri tutdu.
Bazar günü hava yenə də təkərlər üçün neytral idi, hava çox isti olmayıb quru və günəşli idi. Cankarlo Fizikellanın maşını isinmə dövrəsində dayandı. Bolidi işə salmaq mümkün olsa belə, bütün peloton keçib getmişdi. Bunu görən Jordan komandası taktikanı dəyişmək qərarına gəldi. İsinmə dövrəsinin sonunda Cankarlo boksa girdi və onun maşını yanacaqla tam dolduruldu. Beləliklə ona yalnız bir dəfə dayanmaq lazım idi, başqa pilotlar isə iki pit-stop strategiyasını seçmişdilər. Şumaxer və Montoya hər ikisi yaxşı start aldı. Yarışa 6-cı sıradan başlayan Trulli startda bir neçə pilotu keçərək 3-cü yerə yüksələ bildi.Yaxşı start ala bilməyən Jene isə Trulli ilə birlikdə həm Kulthard, həm də Panisdən geri qaldı. Censon Batton isə yeddinci yerdən doqquzuncu yerə düşdü. Peletonun sonundan start alan Alonso autsayderləri qabaqlamağa çalışarkən Castin Uilsonun Jaguar-ı ilə toqquşdu. Fernando bu toqquşmadan sonra zədələnmiş aerodinamik elementləri dəyişdirmək üçün boksa getdi.
Alonso bu yarışı çətin də olsa bitirə bildi, hətta 1 xal belə qazandı. Renault komandasının digər sürücüsü Yarno Trulli finiş görmədi. Onun əla startından sonra bolidin hidravlik sistemində problemlər yarandı və maşının sürəti kəskin azaldı. İtaliyalı sürücünün doğma evindəki yarışı artıq onun üçün başa çatmışdı. Trullinin yarışdan kənar qalması ilə 3-cü yerə Barrikello, 4-cü yerə isə Rəykkönen qayıtdı.
Şumaxerə çatan Montoya dərhal hücuma keçdi, hətta Williams bir qədər önə çıxdı. Şumaxer döngə çıxışında Montoyadan daha yaxşı sürətlənərək vəziyyətdən çıxa bildi. Daha sonra rəqabət taktiki hal aldı. Montoya Şumaxeri təqib etsə də heç cür keçə bilmirdi. Şumaxer 1-ci pit stopu Montoyadan əvvəl keçirməklə taktikada da üstünluk qazandı. Ancaq bu pit-stop onu böyük dəbilqədən məhrum etdi. Çünki Montoya pit-stopa gedənə qədər 1 dövrə yarışa başçılıq etmişdi. Şumaxer pit-stopdan sonra Kolumbiyalı pilotdan gələn təhlukəni hiss edərək daima hücumda idi. Yarışın finişində məlum oldu ki, Şumaxer tarixin ən sürətli Qran Prisini keçirib. Mixaelin orta sürəti 247,585 km/saat olub. Yarış 1 saat 14 dəqiqə 19.838 saniyə davam edib. Hər iki göstərici tarixdə bu günə qədər rekorddur. Bu yarış qırmızı bayraqla dayandırılmayan ən qısa yarışdır.