F-1.az xəbər verir ki, yeni seriya hazırkı F2 və F3 komandaları tərəfindən idarə olunan beş komandadan ibarət olacaq. Hər bir komandaya 165 at qüvvəsinə malik Autotecnica turbo mühərriki və Pirelli təkərləri olan üç Tatuus T421 şassisi veriləcək. Beləliklə, startda 15 iştirakçı yer alacaq.
İlk mövsüm hər biri üç yarışdan ibarət yeddi mərhələdən və 15 günlük rəsmi testlərdən ibarət olacaq.
Yeni seriyaya Formula Motorsport Limited-in baş direktoru Bruno Mişel rəhbərlik edəcək. Formula1 hər maşının dəyərinə 150 min avro məbləğində subsidiya verir, eyni məbləği iştirakçılar da ödəməlidirlər, büdcənin qalan hissəsini komandalar ödəyəcəklər.
F1 Akademiyasının məqsədi qadınlara yarış meydançasında çox vaxt keçirmək, peşəkar komandalarla işləmək və onların texniki, fiziki və əqli bacarıqlarını inkişaf etdirmək imkanı verməkdir.
Stefano Domenikali, Formula1-in baş direktoru: “Hər kəs öz arzusunu reallaşdıra bilməlidir. Biz idmanımıza daha çox müxtəliflik gətirmək istəyirik və gənc qadın sürücülərə yarış karyeralarını dəstəkləyəcək, onları tərəqqi üçün lazım olan hər şeylə təchiz edəcək hərtərəfli proqram vasitəsilə ambisiyalarını reallaşdırmaq şansı verəcək F1 Akademiyasının yaradılmasını elan edirik və ümid edirik ki, bu sürücülər Formula3-ə, Formula2-ə və bəlkə də Formula1-ə keçə biləcəklər. İmkan nə qədər çox olsa, bir o qədər yaxşıdır və bu, sürücülərə uğura aparan daha bir yol təqdim etmək üçün edilir”.