Formula1 nədir?

Bu il ölkəmizdə Formula1 üzrə Dünya Çempionatı debüt edəcək. Oxucuların hədsiz marağını nəzərə alaraq hər il mövsümün əvvəlində dərc etdiyimiz yazıya müəyyən dəyişikliklər etdik. Buyurun tanış olun, F-1.az təqdim edir - Formula1 nədir?

Formula1 (ingiliscə Formula One World Championship) – açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. Formula1 üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur. İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Hər ilin sonunda çempionatın qalibi müəyyən edilir. Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Sürücülər dünya çempionu titulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar.

Komandalar hər bir yarışa özünün hazırladığı şassi ilə çıxırlar, hər bir komandanı iki sürücü təmsil edir, sürücü çempionatda iştirak etmək üçün Beynəlxalq Avtomobil Federasiyasından SuperLisenziya almalıdır. Komandalar öz şassilərinə kənar motor istehsalçısından aldıqları motoru quraşdıra bilərlər. Son idman reqlamentinə görə, motorun işçi həcmi 1.6 litrdir, silindrlərin sayı isə V6-dır, motorun çəkisi 145 kq-dır. Bu balaca motor 850-900 at qüvvəsi hasil edir və düz yollarda 370 km/saatadək sürət yığmağa imkan verir. Ümumiyyətlə, Formula1 maşınları ən dinamik maşınlar sayılırlar, yəni ən qısa vaxt ərzində sürətlənir və ən qısa vaxt ərzində dayanırlar.

Formula1 maşınlarını bolidlər, sürücülərini isə pilotlar da adlandırırlar.

Builki dünya çempionatı 21 mərhələdən, Qran Pridən ibarətdir. Hər bir Qran Prini üçgünlük həftəsonu (uik-end) təşkil edir. Reqlamentə görə, sürücülər cümə günü hər biri 1.5 saat olan iki sərbəst yürüşdə trasla tanış olurlar, maşınları qarşıdakı sıralanma turu və yarışa sazlayırlar. Monako Qran Prisində sürücülər cümə günü deyil, bir gün əvvəl, cümə axşamı eyni işi görürlər.

Şənbə günü səhər sürücülər birsaatlıq məşqlər keçirlər. Adətən, nahardan sonra sıralanma turu və ya təsnifat mərhələsi keçirilir. Bu turun yekun nəticəsinə görə sürücülərin bazar günü keçiriləcək yarışda start düzümü formalaşır.

Sıralanma turu 3 hissədən ibarətdir: birinci hissə 18 dəqiqə davam edir, hər bir sürücü trasa çıxaraq ən azı bir dəfə tam dövrə vurmaqla yaxşı nəticə göstərməyə çalışır və protokollarda son yeri tutmuş sürücülər mübarizəni dayandırır. Onların sayı çox sadə bir düsturla müəyyən olunur. Yəni iştirakçıların sayından 10 çıxılır və 2-yə bölünür. Yəni əgər bu gün çempionatda 22 sürücü iştirak edirsə, ilk iki sessiyanın hər birində mübarizəni 6 sürücü dayandıracaq. Əgər gələn il sürücülərin sayı 24 olarsa, onda ilk sessiyaların hər birində 7 sürücü mübarizəni dayandıracaq. Qeyd etmək lazımdır ki, bu hissədə protokollara başçılıq edən sürücünün nəticəsinin üzərinə 7% əlavə olunur, alınan nəticəni keçə bilməyən sürücülərin yarışa buraxılması məsələsinə Beynəlxalq Avtomobil Federasiyası (FİA) baxmalı olur.

8 dəqiqəlik fasilədən sonra sıralanma turunun ikinci hissəsi başlayır, 15 dəqiqə davam edir və protokollarda ilk 10 yerdən sontakı yerləri tutmuş sürücülər mübarizəni dayandırırlar.

7 dəqiqəlik fasilədən sonra sona qalmış 10 sürücü 12 dəqiqə ərzində poul-pozişn, yəni startda birinci yer uğrunda mübarizə aparır. Ən yaxşı nəticəni göstərən sürücü pouldan start almaq şansı əldə edir, digər sürücülər isə startda 2-10-cu yeri qazanırlar.

Bazar günü Qran Prinin yarış günüdür. Sürücülər dünənki sıralanma turunun nəticələrinə görə startda yerlərini tuturlar. Əvvəlcə sürücülər trasda bir dövrə vuraraq təkərləri və əyləcləri qızdırırlar, dövrənin tamamında yenidən start yerlərinin tuturlar. Yarışın direktoru Çarli Uaytinqin xüsusi işarəsindən sonra, yəni 5 qırmızı işığın sönməsindən sonra yarış başlayır.  Dövrənin uzunluğundan asılı olaraq sürücülər müxtəlif traslarda müxtəlif sayda dövrələr vururlar, əsas odur ki, qət edilən məsafə 305 km-dən çox olmalıdır, əlbəttə, Monako Qran Prisi bu məsələdə də istisna təşkil edir – knyazlığın dar küçələrində yarış məsafəsi cəmi 260 km-dir. Yarışın sonunu Çarli Uaytinq və ya xüsusi dəvət olunmuş qonaq damalı bayraqla bildirir. Damalı bayraq görmüş sürücü üçün yarış başa çatmış sayılır. İlk üç yeri tutmuş sürücü və qalib gəlmiş sürücünün təmsil etdiyi komandanın bir nümayəndəsi podiuma qalxırlar. Əvvəlcə, qalib gəlmiş sürücünün və onun komandasının şərəfinə təmsil etdikləri ölkələrin himnləri səslənir, sonra podium qazananlara kuboklar verilir və şampan mərasimi keçirilir. Əlbəttə, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində alkohollu içkini limonadla əvəz edirlər.

Yarışın nəticəsinə görə ilk 10 yeri tutmuş sürücü 25-18-15-12-10-8-6-4-2-1 xal sistemi ilə aktivlərinə uyğun olan xalı yazırlar. Mövsümün sonunda bütün yarışların nəticələri toplanır və ən çox xal toplayan sürücü dünya çempionu titulunu qazanır, mövsüm ərzində eyni komandada çıxış edən sürücülərin topladığı xalların cəminə əsasən isə Mühəndislər Kubokunun sahibi müəyyən olunur.

Bəzən müəyyən səbəblər üzündən yarış yarımçıq dayandırılır, bu zaman qırmızı bayraqlar dalğalanır. Əgər yarış yenidən davam etdirilməsə və yarış məsafəsinin 75%-i qət olunmayıbsa, sürücülərə tutduqları yerə görə xalların yarısı verilir. Yekun protokol isə yarış dayandırılmamışdan iki dövrə əvvəlki nəticələrə görə tərtib olunur.

Yarışın maksimum davam etmə müddəti 2 saatdır.

Bu il dünya çempionatında 11 komanda çıxış edəcək, amma gələn il onların sayı 12 ola bilər, maksimum isə çempionatda 13 komanda iştirak edə bilər. Bəzi komandalar avtomobil istehsalçılarını təmsil etsələr də, böyük əksəriyyəti şəxsi komandalardır. Çempionat iştirakçılarını 4 motor istehsalçısı mühərriklərlə təmin edir – Ferrari, Mercedes , Renault və Honda. Hər bir sürücü mövsüm üçün 4 motor alır və mövsümün gedişində bu motorlardan azad şəkildə istifadə edə bilər. Əgər yeni motora ehtiyac olarsa, hər bir yeni motora görə, sürücü həmin yarışın startında 10 yer itirməklə cəzalandırılır. Komandalar motorlarla birlikdə ötürmələr qutusunu və ERS sistemini, yəni  toplanmış kinetik və istilik enerjisini yenidən fiziki enerjiyə çevirən sistemi də motor istehsalçılarından alırlar, bəzi komandalar isə özləri hazırlayırlar. Ötürmələr qutusu ardıcıl altı yarışa tab gətirməlidir, vaxtından tez dəyişdirilməsi yarışın startında 5 yer itirmək deməkdir. Çempionat iştirakçılarını təkərlərlə İtaliyanın Pirelli şirkəti təmin edir. Təkərlər tərkiblərinə görə müxtəlif rənglərlə işarə olunur. Pirelli mövsümə Hard (Bərk, gümüşü), Medium (Orta, ağ), Soft (Yumşaq, sarı), SuperSoft (Ən yumşaq, qırmızı) və UltraSoft (Lap yumşaq, bənövşəyi) adlı quru, İntermediate (Keçid, yaşıl) və Wet (Yağış, mavi) adlı yağış təkərləri hazırlayır. Quru hava təkərləri resursuna və bərkliyinə görə fərqlənirlər, yağış təkərləri isə üzərindəki protektorların sıxlığına, yəni maşının altından çıxara biləcəkləri suyun miqdarına görə fərqlənirlər. Hər bir sürücü uik-endin əvvəlində 13 dəst quru və 7 dəst yağış təkərləri alır, amma bu dəstlərin sayını sürücülər özləri seçirlər. Hər bir yarışa Pirelli şirkəti əvvəlcədən elan verir ki, quru hava üçün hansı 3 tərkibi gətirəcək – bu tərkiblərdən ikisini Pirelli yarış üçün vacib seçir, hər tərkibdən ən azı bir dəstin yarışda istifadəsi mütləqdir. Üç tərkibdən ən yumşağından biri sıralanma turunun yalnız son sessiyasında istifadə oluna bilər. Yerdə qalan 10 dəsti sürücülər özləri seçirlər. Pit-stop zamanı maşının dörd təkəri dəyişdirilir, sınmış elementlər yenisi ilə əvəz olunur. Ən qısa pit-stop Red Bull komandasına məxsusdur – mexaniklər 2013-cü il Almaniya Qran Prisində Sebastyan Fettelin maşınında 4 təkəri cəmi 1.87 saniyəyə dəyişiblər. Pit-stop etmək üçün sürücü pit-leynə daxil olur, pit-leynin başlanması və qurtarması xüsusi xətlərlə, pit-laynlarla bildirilir. Bu xətlər daxilində, yəni pit-leyndə hərəkət sürəti məhdudlaşdırılır və sürət həddini aşan sürücü müxtəlif cəzalar alır.

Yarış zamanı da sürücülər müxtəlif cəzalar ala bilər, pit-leyndən keçmək, boksda 5 və ya 10 saniyə dayanmaq, yarışı dayandırmaq. Əgər cəza yarışdan sonra verilərsə, adətən növbəti yarışın startında müxtəlif sayda yer itirmək, son yarışın protokolunda yekun nəticənin üzərinə müxtəlif zamanı əlavə etmək, bir və ya bir neçə yarışda iştirak etməmək ola bilər. Bütün bu cəzaları hər bir yarışa FİA tərəfindən təhkim olunmuş 3 stüard, hakim qəbul edir. Son illərdə bu stüardlardan biri keçmişin sürücülərindən seçilir ki, mübahisəli anları daha yaxşı başa düşsün.

Bəzi yarışlar zamanı trasa daha iki maşının çıxmasını görmək olar – bunlardan biri Təhülkəsizlik Maşını, digəri isə Tibb Maşınıdır. Hər iki maşını peşəkar sürücülər idarə edirlər. Təhlükəslik Maşınının əsas sürücüsü Bernd Maylander, ehtiyat sürücüsü isə Pit Tibbetsdir. Tibb maşınında Formula1-in rəsmi baş həkimi İan Robertsi sürücü Alan van der Merve gəzdirir.

Formula1-in idman və texniki reqlamentlərini FİA təyin edir. Kommersiya hüquqları isə Berni Ekklstounun başçılıq etdiyi Formula Ona Group şirkətinə məxsusdur. Səhmlərinin böyük hissəsi CVC sərmayə fondunun balansındadır.

Maraqlı statistika. Formula1-də ən çox starta çıxan sürücü Rubens Barrikellodur – 322 yarış. Ən çox qələbə  – 91, podium – 155, poul – 68 və sürətli dövrə – 77 Mixael Şumaxerin hesabındadır. Bu günə ən çox xal toplayan sürücü Sebastyan Fetteldir – 1869. Mixael 1994-95-ci illərdə Benetton və 2000-2004-cü illərdə Ferrari komandalarında çempion olmaqla ən çox – 7 titul  qazanan sürücüdür.

Ferrari komandası bütün dünya çempionatlarında iştirak etmiş yeganə komandadır. Komandanın hesabında 600-dan çox podium, 200-dən çox qələbə, poul və sürətli dövrələr var. Komanda 16 dəfə Mühəndislər Kubokunu qazanıb. Komandanı təmsil edən sürücülər 15 dəfə titul qazanıblar.

Maraqlı faktlar: Formula1 kişi idmanı sayılsa da, Mariya Tereza de Fillips, Lella Lombardi, Qalika Divina, Dezire Uilson və Covanna Amati kimi qadın sürücülər də tarixə düşüblər. Lella Lombardi isə 1975-ci ildə İspaniya Qran Prisində 6-cı yeri tutmaqla xal qazanmış yeganə qadındır – yarış yarımçıq dayandırılmışdı, o zaman ilk 6 yeri tutan sürücülərə 9-6-4-3-2-1 sistemi ilə xal verilirdi, ona görə də Lellanın Formula1 karyerasında cəmi 0.5 xalı var. Yarım xal daha bir dəfə tarixdə təkrarlanıb – 1984-cü ildə Niki Lauda Alen Prostu payızda cəmi 0.5 xal üstələyərək 3-cü dəfə dünya çempionu olmuşdu…

This is Formula One #f1 #formula1 #f1azerbaijan #f1az #f1azgp …This is Formula One #f1 #formula1 #f1azerbaijan #f1az #f1azgp #f1baku #bakugp #bakugrandprix #bcc #azerbaijan #baku #azerbaijan2016 #baku2016

Posted by Formula1 Azərbaycanda on Cümə, 1 Yanvar 2016

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*