Formula1-in braziliyalıları ilə müsahibə

Çempionatın rəsmi saytının jurnalisti Braziliya Qran Prisindən əvvəl yerli sürücülər - Felipe Massa və Felipe Nasrla görüşüb, onların öz vətənlərində keçiriləcək yarış, balıq tutmaq və gələcək planları barədə fikirlərini öyrənib.

Sual: Adaş olmaq necə hissdir?

Felipe Massa: O, mənim adımı götürüb, odur ki, bu sualı Nasra vermək daha yaxşıdır!

Felipe Nasr: Bu bəzən çaşdırıcı olur.

Massa: Əslində, bizim adımız fərqlənir. Onun adı Luis-Felipedir.

Nasr: Bəli, mənim ilk adım Luisdir. Lakin adımı maşının üzərinə tam yazsalar, yan pantonu tamamilə tutar.

Massa: Sadəcə Felipe – daha yaxşıdır. Yeri gəlmişkən, mənim atamın adı da Luisdir.

Sual: İnterlaqosdakı həftəsonunun sizin üçün əsas xüsusiyyətləri hansılardır?

Massa: Doğma trasdakı yarışı təsvir etmək çətindir. Özünü yaxşı hiss edirsən. Daha güclü olduğuna inam yaranır. Mənə elə gəlir ki, braziliyalı azarkeşlərin sürücüləri dəstəkləmək üçün təkrarolunmaz üslubları var – onlar ucadan oxuyurlar! Ev yarışında azarkeşlərin əlavə dəstəyini, onların enerjisini hiss edirsən. Bu, başqa traslarda belə deyil.

Sual: Hansı futbol komandasına azarkeşlik edirsiniz?

Massa: Mən San Paulu klubunun azarkeşiyəm. Halbuki bu, onların ən yaxşı mövsümləri deyil.

Nasr: Mən isə Rio de Janeyronun Botofaqo klubuna azarkeşlik edirəm. Bu mövsüm onlar üçün də çətin keçdi və parlaq çıxışları az oldu.

Sual: Hansınız Kaypirinya kokteylini daha yaxşı hazırlayırsınız?

Nasr: Məncə, maraqlı yarış alına bilərdi! Tərkibini gətirin – biz başlayaq!

Massa: Mən bacarmıram.

Nasr: Elə mən də.

Massa: Yoxlamaq lazımdır – onda görərik ki, kim yaxşıdır.

Sual: Braziliya Qran Prisi ilə bağlı ən parlaq xatirəniz hansıdır?

Nasr: Bu suala gərək Felipe cavab versin…

Massa: Ən əziz xatirəm – 2006-ci ildə İnterlaqosdakı ilk qələbəmdir. Braziliya – mənim vətənim, San Paulu – doğma şəhərimdir. Mən uşaqlıqdan İnterlaqosda sürürdüm və Formula1 pilotu olmağı, sonra isə doğma yarışda qalib gəlməyi arzulayırdım. Axı bunu çempionatda qalib gəlməklə müqayisə etmək olar. Mənim arzum gerçəkləşdi və bu, inanılmaz duyğu idi. Bunu heç vaxt unutmayacağam. 2008-ci ildə də qalib gəldim – əla idi. Lakin ilk qələbə ilə heç nə müqayisə oluna bilməz.

Sual: Hobbiniz nədir?

Massa: Balıq ovu. Səhv etmirəmsə, sənin də bundan xoşun gəlir. 

Nasr: Mən əsl balıqçıyam. Balıq ovu uşaqlıqdan xoşuma gəlib, sonradan isə ənənəyə çevrildi. Yarışlar arasında yaranmış fasilələrdə bununla tez-tez məşğul oluram. Məsələn, Avstriyada sahildə əla yer tapdım və dərhal bir tilov götürərək ora getdim. Bu, istirahət üçün ən yaxşı vasitədir.

Massa: Biz bəzən dostlarla evdə poker oynayırıq. Lakin pulla yox – sadəcə həzz üçün.

Sual: Siz bir-birinizə gələn mövsüm üçün nə məsləhət görmüsüz?

Massa: Mənə elə gəlir ki, bu məsləhəti sənə mən verməliyəm. Hər gün gərgin işləməlisən. Özünə inanmağa davam et. Hətta bu mövsüm uğursuz olsa belə, qarşıda gələn mövsüm var. Sənin istedadın var, Formula1-ə təsadüfən gəlməmisən.

Nasr: Sağ ol. Mən çalışacam.

Massa: Mən isə yarışlara evdən baxacam.

Nasr: Sən nə vaxt istəsən, gələ bilərsən. Mən də sənə hər şeyin ən yaxşısını arzulayıram. Ümid edirəm ki, Formula1-dən zövq almısan. Səninlə işləmək mənə xoş idi. Mən sənin xarakterinə heyranam. Bundan başqa, sən biz braziliyalılara çox sevinc gətirmisən. Qoy sənin üçün hər şey yaxşı olsun.

Massa: Qarşılıqlıdır! Mən sənə azarkeşlik edəcəm. Çox işləməyə davam etməlisən.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*