F-1.az xatırladır ki, kolumbiyalı sürücü 2001-2006-cı illərdə Mixael Şumaxerlə rəqabət aparmış və bəzi yarışlarda təkər-təkərə mübarizələri olmuşdu.
Xuan Pablo Montoyanın oğlu Sebastyanın 14 yaşı var və hazırda Formula4 seriyasında mübarizə aparır. Mixael Şumaxerin oğlu Mik isə 2018-ci ildə Avropa Formula3 seriyasında qalib olub və hazırda Formula2-də yarışır. Mixaellə Xuanın bir-birilərinə qarşı amansız mübarizəsi əksər fanatların hələ də ağlından çıxmır və buna görə də Sebastyan və Miki Formula1-də bir-birilərinə qarşı yarışarkən görmək istəyirlər.
Xuan Pablo Montoya: “Sebastyanın indi 14 yaşı var və 15-ə az qalıb. Bu il İtaliya Formula4 seriyasında çıxış edirdi və doğrudan da həzz aldıq. Potensialı yaxşıdır və çox istedadlıdır. Onu yaxşı formada hazırlayıram. Həm fiziki, həm də psixoloji cəhətdən təkmilləşdirirəm. Formula1-də güclü ola bilər. Bunun üçün çox işləməlidir.
Yenidən Montoya-Şumaxer mübarizəsi görəcəyikmi? Məncə, hə. Sebastyan gənc olsa da, üç-dörd il ərzində rəqib ola bilərlər”.