Formula1 tarixində ən çox xal kim toplayıb?

Bildiyiniz kimi, Formula1-də sürücülər hər yarışda tutduqları yerə uyğun xal qazanırlar. Mövsüm sonunda isə ən çox xal qazanmış sürücü dünya çempionu olur. Bəs xal sistemi necədir? Hər yarışda neçə sürücüyə xal verilir? Xalların miqdarı nə qədərdir? Bütün bu suallara verilməli olan ilk cavab budur: xalların hesablanması formatı Formula1-in tarixi boyunca dəfələrlə dəyişdirilib. İndi isə F-1.az saytı olaraq, sizi bu idmanın ilk illərindən günümüzə qədər istifadə olunmuş xal hesablanması sistemləri ilə tanış edirik.

1950-1959-cu illər

Formula 1-in ilk 4 mövsümündə hər yarışda ilk 5 yeri tutan sürücüyə müvafiq olaraq 8-6-4-3-2 xal verilirdi. Yarışda ən sürətli dövrəni vurmuş sürücü də əlavə olaraq 1 xal qazanırdı. 1950-1953-cü illərdə yekun nəticədə pilotların ən yaxşı 4 yarışdakı, 1954-1957-ci illərdə və 1959-cu ildə ən yaxşı 5 yarışdakı, 1958-ci ildə isə ən yaxşı 6 yarışdakı nəticələri nəzərə alınırdı. Məsələn, 1950-ci ildə Luici Facioli ümumilikdə 28, Xuan Manuel Fanxio isə 27  xal toplamışdı. Amma Luicinin ən yaxşı 4 nəticəsi qeydə alındıqda 24 xalı olurdu və o, 2-ci yeri ən yaxşı 4 nəticəsində 27 xal qazanmış Fanxioya verməli olmuşdu.  Bənzər hadisə 1953-cü ildə də baş verib. Fanxio bu dəfə də Nino Farinadan ümumi xalda geri qalsa da, ən yaxşı 4 yarışdakı nəticəyə görə onu üstələyərək 2-ci olub. 1954-cü ildə Böyük Britaniya Qran Prisində isə maraqlı hadiə baş verib. Ən sürətli dövrəyə görə verilən 1 xal 7 sürücü arasında bölünüb, çünki ən yaxşı nəticəni 7 sürücü təkrarlayıb. Buna görə də onların hərəsinə 0,14 xal verilib.

1960-cı il

Yenə də 8 xallıq sistemdən istifadə olunsa da, yeganə dəyişiklik o olub ki, 1 xal yarışda ən sürətli dövrəni vurmuş sürücüyə yox, 6-cı yeri tutmuş sürücüyə verilib. Yəni, ilk 6 yeri tutmuş sürücülər müvafiq olaraq 8-6-4-3-2-1 xal qazanıblar. Mövsümün sonunda ən yaxşı 6 yarışın xalları nəzərə alınıb və Cek Brəbhəm çempion olub.

 1961-1990-cı illər

Formula1-in 30 illik bu uzun dövründə 9 xallıq sistemdən istifadə olunub. Yarışda ilk 6 yeri tutan sürücülər müvafiq olaraq 9-6-4-3-2-1 xal qazanıblar. Bu 30 illik dövrə daxil olan mövsümlərdə xal hesablanmalarındakı yeganə fərq mövsüm sonunda nəzərə alınan ən yaxşı nəticələrin sayında olub.

1961-1962-ci və 1966-cı illərdə ən yaxşı 5 nəticə nəzərə alınıbsa da, 1963-cü ildən 1965-ci ilə qədər bu say 6 olub. Qrəhəm Hill 1964-cü ildə daha bir titul qazana bilərdi – mövsümboyu olan bütün nəticələri qeydə alınsaydı. Ümumi nəticədə 41 xal toplayan və Con Sörtisi 1 xal üstələyən sürücü ən yaxşı 6 nəticə qeydə alındıqda 2 xalını itirdi və xalı 39 oldu. Sörtisin 40 xalı isə elə ən yaxşı nəticə göstərdiyi 6 yarışda toplanmışdı və o, mövsümü çempion kimi başa vurdu.

1967-ci ildən 1980-cı ilə qədər isə xal sistemi eyni qalsa da, yekun nəticənin hesablanmasında ciddi dəyişiklik edildi.

1967-ci, 1969-cu və 1971-ci ildə ən yaxşı 9 nəticə qeydə alınıb. Qeyd edilən hər 3 mövsümdə 11 yarış olub. İlk 6 yarışdan 5-nin, son 5 yarışdan da 4-nün nəticəsi qeydə alınıb.

1968-ci və 1972-ci illərdə isə 12 yarış baş tutub və hər 2 mövsümün sonunda ilk 6 və son 6 yarışın hərəsindən 5 ən yaxşı nəticə sürücünün aktivinə yazılıb.

1970-ci ildə baş tutan 13 yarışdan 11-nin – ilk 7 yarışdan 6-nın, son 6 yarışdan isə 5-nin nəticəsi nəzərə titul uğrunda mübarizədə əsas olub.

1973-1974-cü illərdə 15 yarışdan 13-nün (ilk 8 yarışdan 7-nin, son 7 yarışdan 6-nın), 1975-ci ildə 14 yarışdan 12-nin (ilk və son 7 yarışın hərəsindən 6-nın), 1976-cı və 1978-ci illərdə 16 yarışdan 14-nün (ilk və son 8 yarışınn hərəsindən 7-nin), 1977-ci ildə isə 17 yarışdan 15-nin (ilk 9 yarışdan 8-nin, son 8 yarışdan 7-nin) nəticəsi qeydə alınıb.

1979-cü ildə 15 yarışdan 8-nin (ilk 7 və son 8 yarışdan 4-nün), 1980-cı ildə isə 14 yarışdan 10-un (ilk və son 7 yarışın hər birindən 5-nin) nəticləri qeydə alınıb. Amma əvvəlki illərlə fərq onda olub ki, bura qədər mühəndislər kubokunda sürücülərin sürücülər çempionatında nəzərə alınan xalları toplanırdısa, bu 2 mövsümdə bütün xallar nəzərə alınıb.

1981-ci ildən 1984-cü ilə qədər isə sürücülərin mövsüm ərzində topladıqları bütün xallr nəzərə alınıb. 1985-ci ildən 1990-cı ilə qədər isə ən yaxşı 11 nəticə nəzərə alınıb. 1988-ci ildə Alen Prost ümumilikdə 105 xal toplayaraq hamını qabaqlasa da, həmin mövsüm keçirilən 16 yarışdan ən yaxşı 11-nin nəticəsi qeydə alındığına görə 87 xal aktivinə yazılmış, Ayrton Sennadan 3 xal geri qalaraq mövsümü 2-ci yerdə tamamlamışdı.

1990-cı ildən indiyə qədər bütün mövsümlərdə sürücülərin ilboyu qazandıqları bütün xallar qeydə alınıb.

1991-2002-ci illər

On xallıq sistemə keçilib.Yarışda ilk 6 yeri tutmuş sürücü müvafiq olaraq 10-6-4-3-2-1 xal qazanıb.

2003-2009-cu illər

Bu dövrdə maksimal xal 10 olsa da, yarışda ilk 8 yeri tutmuş sürücü xal hesabını artıra bilib. İlk 8 yerə müvafiq olaraq 10-8-6-5-4-3-2-1 xal verilib.

2010-cu ildən bu günə qədər…

Xal sistemində radikal dəyişiklik edilib. 25 xallıq sistemə keçilib və yarışda ilk 10 yeri tutmuş sürücü müvafiq olaraq 25-18-15-12-10-8-6-4-2-1 xal qazanır.

Hazırda karyerası boyu ən çox xal qazanmış pilot Sebastyan Fetteldir. Təbii ki, bütün dövrlər vahid xal sistemi ilə hesablansaydı, ən çox xalı 7 qat dünya çempionu Mixael Şumaxer toplamış olardı…

Bütün dövrlərdə indiki kimi 25 xallıq sistem olsaydı, ilk 20-lik belə olardı:

Yer Sürücü Xal
1 Mixael Şumaxer 3891
2 Fernando Alonso 2619
3 Alen Prost 2471.5
4 Lyuis Həmilton 2250
5 Kimi Rəykkönen 2114
6 Sebastyan Fettel 2097
7 Rubens Barrikello 1896
8 Ayrton Senna 1863.5
9 Censon Batton 1817.5
10 Devid Kulthard 1728
11 Nelson Pike 1686
12 Felipe Massa 1600
13 Naycel Mənsell 1502
14 Gerhard Berger 1413.5
15 Niko Rosberq 1402
16 Mika Həkkinen 1383
17 Mark Uebber 1359
18 Niki Lauda 1341
19 Karlos Royteman 1123.5
20 Ceki Styuart 1118
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*