Formula1-də qadın mühəndislərin rolu – Emel Cankaya ilə sual-cavab

Formula1 kişilərin üstünlük təşkil etdiyi idman növü olsa da, son illərdə komandalarda qadın işçilərin sayı artıb. Bəs bu idmanda qadınlara yanaşma necədir? Qadınların idmana öyrəşməsi asandırmı? Saytımızın Redaktoru Rauf Hacıyev McLaren komandasının aerodinamik mühəndisi Emel Cankaya ilə bu barədə və idmanın gələcəyi haqda danışıb.

R.H: Salam. Əvvəl tanış olaq. Oxucular üçün adınız, McLaren komandasındakı vəzifəniz barədə məlumat verin. Sonra suallara başlayaq.

E.C: “Adım Emel Cankayadır. McLaren-də aerodinamik mühəndisi kimi işləyirəm. Komandadakı vəzifəm bolidlərimizin gücünə güc qatmaqdır. Beləliklə, tras üzərində daha sürətli oluruq. Formula1-də rəqabətədavamlı olmaq üçün bolidlərin aerodunamik quruluşu çox vacibdir. Buna görə də bolidlərimizin detallarını dizayn edərək aerodinamikanın inkişafına dəstək oluram”.

R.H: Formula1 kişilərin çoxluq təşkil etdiyi idman növüdür. Son illərdə orada qadın işçilərin sayı artsa da, say cəhətdən kişilər yenə üstündürlər. Hətta, bir neçə il əvvəl Williams komandasının sabiq rəhbəri Kler Vilyams da Formula1-in seksist idman növü olduğunu demişdi. Bəs siz necə düşünürsünüz? Orada sizə yanaşma necədir?

E.C: “Dediyiniz kimi Formula1 hələ də kişilərin üstünlük təşkil etdiyi idman növüdür. Amma bunun səbəbi yalnız komandalar deyil. Qadınlar Formula1-i və xüsusilə mühəndislik tələb edən işləri seçmirlər. Buna görə də bu işlərə qadınlar tərəfindən çox müraciət olunmur. Bu səbəbdən qadın işçilərin sayı azdır. Qadınların diqqətini daha çox cəlb edə bilsək, burada kişi və qadın sayını bərabərləşdirə bilərik”.

R.H: Bəs Formula1 komandasında işləmək üçün nələr lazımdır? Həm bacarıq, həm də təhsil cəhətdən.

E.C: “Komandada nə iş görməyinizdən asılıdır. Hər iş yerində olduğu kimi burada da maliyyə, insan resursları, marketinq şöbələri var. Amma mühəndislikdən danışırsınızsa, mühəndis dərəcəniz olmalıdır. Təcrübəyə baxırlar. Formula Student proqramı ilə ya da Formula1-ə bənzər sahələrdə təcrübələr… Xaricdə (Avropa ya da Britaniya) təhsil alsanız, viza probleminiz olmayacaq, çünki Britaniyada işləmək üçün viza çox vacibdir. Əksər hallarda komandalar viza cəhətdən sizə kömək etmirlər. Son olaraq referansınız və bu sahədə mentorunuzun olması sizin işinizi asanlaşdıra bilər.

Bacarıq cəhətdən isə – maraqlandığınız sahədən asılıdır. Aerodinamik mühəndisi olmaq üçün CAD və hesablama hidrodinamikasını bilməlisiniz. Gündəlik işdə bu ikisi çox lazım olur. Bundan başqa təzyiq altında işləməyi bilməli və çevik olmalısınız”.

R.H: Gələn il idmanda yeni texniki reqlament olacaq. Bəs bu mühəndislər üçün çətinliklər yaradırmı?

E.C: “Çətinliklər olacaq. Texniki reqlament və bolidin hava axını tamamilə dəyişdi. Bunu anlamaq üçün vaxt lazımdır”.

R.H: Komandalar düşünür ki, texniki məhdudiyyətlər Formula1-in ruhunu pozur. Sizdə haqlıdırlar?

E.C: “Yeni reqlament dizayn ideyalarımızı məhdudlaşdırır. Bəzi detallar bizə verilir. Yəni ki, onların formasını dəyişə bilmirik. Sadəcə müəyyən limitlər daxilində hücum bucağını dəyişdirə bilirik. Buna görə də gələn il bolidlər bir-birinə bənzəyəcək. Bir tərəfdən düşünürəm ki, Formula1-in ruhu pozulacaq. Digər tərəfdən isə yeni ideyalar üzə çıxa bilər. Həm də ümdi edirik ki, komandalar artıq bir-birlərinə daha yaxın olacaqlar. İdmanda mübarizə daha həyəcanlı olacaq”.

R.H: Keçək işin idman tərəfinə – Bu mövsüm McLaren-in vəziyyətini necə dəyərləndirirsiniz. Mercedes mühərriyinə keçdiniz. Əvvəlki Renault mühərriyi ilə müqayisədə hansı fərqlər oldu? nə dəyişdi?

E.C: “Mercedes mühərriyini maşına yerləşdirmək üçün şassi dizaynını və ötürmələr qutusunu dəyişməli olduq. Mercedes motoru yarışlarda daha yaxşı performans göstərir”.

R.H: Bu sual hamıya maraqlıdır – Rikkardo bu il McLaren-ə transfer olundu. Hamının ondan gözləntiləri böyük olsa da, çox zəif çıxış edir və Norrisdən çox geri qalır. Xüsusən də, yavaş döngəli traslarda çox zəifdir. Səbəbi nədir?

E.C: “Renault-da sürdüyü maşının yavaş döngələrdəki performansı fərqli idi. Bizim bolidin quruluşu daha fərqli olduğu üçün stilini dəyişməlidir. Bu da vaxt aparır. Məncə, bolidə öyrəşə bilmir. Lakin yavaş-yavaş özünə gəlir və nəticələri yaxşılaşır. Lando isə maşını yaxşı tanıdığı üçün uğurludur”.

R.H: Siz işin pərdə arxasındasınız. Yəni insanlar Formula1-i izləyirlər, ən yaxşı halda Paddok kluba bilet alaraq, yarış vaxtı komandaları görürlər. Bəs işin pərdə arxası necədir? Bizim gördüyümüz qədər əyləncəlidir ya darıxdırıcıdır?

E.C: “Formula1 heç darıxdırıcı deyil. Həmişə işimiz olur, çünki bolidin performansını yaxşılaşdırmağa çalışırıq. Xüsusən də, mən işlədiyim sahə monoton deyil, çünki həm bolidin üzərində işləyirik, həm də dizayn etdiyimiz detalları aerodinamik boruda test edirik. Bu, həm əyləncəlidir, həm də həyəcanlı… Amma bir yerdə uzun müddət işləyəndə ilk günkü kimi həyəcanlı olmur”.

R.H: McLaren keçən il mövsümü üçüncü yerdə bitirdi. Bu, 2012-ci ildən sonra komandanın ən yaxşı nəticəsi idi. Bu il də komanda hələki üçüncü yerdədir. Bundan başqa komanda keçən il həm bazanı, həm də aerodinamik borunu yenilədi. Bəs bu dəyişikliklər yeni reqlamentin olduğu mövsümə necə təsir edər? Komanda onillik fasilədən sonra yenidən çempionluq uğrunda mübarizə aparar?

E.C: “Bildiyiniz kimi büdcə limiti yeni qaydalardan biridir. Bizim aerodinamik borumuz Almaniyada olduğu üçün test etdiyimiz bolid modelini, yeni detalları və işçiləri davamlı olaraq Almaniyaya yollayırıq. Bunun da xərci çoxdur. Öz aerodinamik borumuz hazır olduqdan sonra loqistikaya xərclədiyimiz pulu bolidin inkişafı üçün istifadə edə bilərik. Bu da performansımıza müsbət təsir göstərər. Ümid edirəm ki, McLaren yenidən çempionluq uğrunda mübarizəyə qayıdar, lakin daha əvvəl də dediyim kimi 2022-ci il bolidlərinin hava axını çox fərqlidir. Hələ heç kəs bolidləri trasda test etməyib. Yəni, maşınların necə olacağı mənə də maraqlıdır”.

R.H: Ən yaxşı və ən pis həftəsonundan sonra komandada ab-hava necə olur? Məsələn, bir yarışda iki sürücü də xalsız qalıb ya da tam heyətlə yüksək nəticə qazanmısınız?

E.C: “Bu, hamıya təsir edir. Yaxşı nəticə qazananda işçilər daha motivasiyalı olurlar. Ofisdə də yaxşı ab-hava olur. Pis nəticə aldığımızda isə tam tərsi olur. Özümüzə motivasiya verməli oluruq. Belə hallar bizi daha da əzimli edir”.

R.H: Hazırda təqvimdə 23 yarış var. Gələn il bu sayı 24 olacaq. Belə olan halda komandadakı işçilərin qrafikası ağırlaşır. Sizcə də, təqvimdə 24 yarış çoxdur?

E.C: “İdman cəhətdən çox olmasa da, işçilər üçün çətindir. Önümüzdə üçlü yarışlar var. Məsələn, Belçika, Hollandiya və İtaliya. Yəni ardıcıl 3 həftəsonu yarış olacaq. Bu, işçilər üçün asan deyil. Xüsusən də ailəsi olan işçilər üçün…

R.H: Bu il çempionluq uğrunda mübarizə iki komanda və iki sürücü arasında gedir. Bəs sizin favoritiniz kimdir? Ferstappen ya Həmilton? Red Bull yoxsa Mercedes?

E.C: “Favoritim təbii ki, McLaren-dir (gülərək). Ferstappen gənc və çox istedadlı sürücüdür. Həm də niderlandlıdır. Niderlandda doğulub böyüdüyüm üçün onu izləyirəm. Amma Həmilton da çox güclü sürücüdür. Çox təcrübəlidir və hər yarış podiuma yüksələ bilir. Onun karyerası və yüksəlişi çox təsiredicidir”.

R.H: Bu da son sual: Lando Norris bu il bitirdiyi bütün yarışlardan xal aldı. Hazırda 10/11 edib. Hətta, Macarıstan yarışına qədər bolidinə bir qəpik də olsun maddi zərər verməmişdi. Sizcə, bu uğurunun sirri nədir?

E.C: “Çox çalışqandır. Həm də ağıllı və istedadlıdır. Hər şeyi tez öyrənə bilir. Üç ildir McLaren bolidini sürdüyü üçün maşına tez uyğunlaşdı. Bolidin xarakterini bildiyi üçün sürüş stilini də ona uyğunlaşdırır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*