F-1.az xəbər verir ki, Ford özü söz-söhbətlərə əhəmiyyət verməyib, lakin şirkətin NASCAR yarış seriyasında iştirakına həsr olunmuş tədbirdə Ford-un Red Bull komandasının tərəfdaşı kimi Formula1-ə qayıtması mövzusu jurnalistlər tərəfindən yenidən gündəmə gətirilib. Şirkətin idman bölməsinin rəhbəri Mark Raşbruk şayiələrə münasibət bildirməli olub.
Mark Raşbruk: “İlk növbədə, mən NASCAR haqqında danışmaq üçün gəldiyimi bildirmək istəyirəm, çünki biz bu seriyada iştirak etməyə köklənmişik. Əlbəttə, biz Formula1-lə bağlı müxtəlif fərziyyələrdən xəbərdarıq, lakin hazırda mahiyyəti ilə bağlı cavab verəcək bir şeyimiz yoxdur”.
Xatırladaq ki, Ford 2004-cü ilin sonunda Formula1-i tərk edərək Jaguar zavod komandasını Red Bull-a satmışdı. Dörd il sonra Ford şirkəti Jaguar və Land Rover brendlərini Hindistanın Tata Motors şirkətinə 2 milyard dollardan çox qiymətə satmışdı.