Biz artıq xəbər vermişdik ki, Force İndia komandasının sahibi Vicey Malya və ona məxsus olan Kingfisher Airlines aviaşirkəti maliyyə böhranına düşüblər. Bu yaxınlarda isə məlum olub ki, komandanın digər sərmayədarı Sahara korporasiyası da maliyyə çətinlikləri ilə üzləşib, çünki məhkəmə qərarına əsasən səhmdarlara 3 milyard dollar ödəməlidir.
Son maliyyə hesabatları göstərir ki, Formula1-də iştirak etməsi Malyanın imperiyasına ciddi zərbə vurur. Dünən Force İndiamın 31 yanvar 2012-ci il tarixinə illik balansı dərc olunub. Komandanın Malyaya keçdiyi dörd il ərzində zərəri 146 milyon Avro təşkil edib.
Hesabata əsasən, 2011-ci ildə komandanın gəliri 2.2 milyon Avro azalaraq 53.9 milyon Avro təşkil edib. Bununla yanaşı xərclər isə 11% artaraq 94.3 milyon Avroya çatıb. Vergu krediti sayəsində 0.7 milyon Avro gəlir əldə edən komandanın illik zərəri 29.7 milyon Avro olub.
Sahara 2011-ci ilin oktyabrında komandanın səhmlərinin 50%-nə 100 milyon dollar (76.8 milyon Avro) ödəyib, həmin vaxtdan zərər iki tərəf arasında yarı bölünür.
Öz növbəsində, Kingfisher Airlines aviaşirkətinin borcları 1.9 milyard Avroya çatıb. Faktiki olaraq keçən ilin oktyabrından şirkət artıq fəaliyyət göstərmir və yenidən canlanması şansları olduqca azdır.
Mövsümün gedişində komandanın cari və gələcək maşınların üzərində işləməsi üçün zəruri maliyyə dəstəyi olacaqmı?