Force İndia komandası çempionatda heyətini elan etməyən iki komandadan biridir – komanda fevralın 1-də 2013-cü il üçün hazırladığı yeni maşınını təqdim edəcək. Komandanın başçısınn müavini Robert Förnli jurnalistlərə bildirib ki, komanda fevralın 1-də yalnız VJM06-nı göstərəcək, ikinci sürücünün adı isə ilk test gününə qədər elan olunacaq.
Förnli bəzi şayiələri də təkzib edib. Əvvəlcə bildirib ki, komandanın maliyyə vəziyyəti Vicey Malyanın maliyyə durumundan asılı deyil. Sonra da əlavə edib ki, komanda testlərdə bir neçə namizədi yoxlamayacaq.
Düzdür, komanda rəsmən hələ Pol di Restanı da təsdiq etməyib, amma şotlandiyalı sürücünün komandada qalması artıq heç kimdə şübhə doğurmur. Onun komanda yoldaşı olmağa iki namizəd var: təcrübəli Adrian Sutil və gənc Jül Byanki.