F.Massa: “Bu tamamilə yeni maşındır”

Bu gün yeni Ferrari F60-ın təqdimat mərasimindən dərhal sonra Felipe Massa trasa çıxıb. İstənilən ilk günün əsas vəzifəsi nasazlıqların müəyyən […]

Bu gün yeni Ferrari F60-ın təqdimat mərasimindən dərhal sonra Felipe Massa trasa çıxıb. İstənilən ilk günün əsas vəzifəsi nasazlıqların müəyyən edilməsidir, amma braziliyalı sürücü təxminən 100 km məsafə qət edib və ilk testdən sonra nikbinliklə öz təəssüratlarını şərh edib…

Sual: Yeni maşından ilk təəssüratlarınız necədir?
Felipe Massa:
Bu tamamilə yeni maşındır, keçənilkindən çox fərqlənir. Reqlament ciddi dəyişib və bu dəyişikliklər kənardan da aşkar görünür. KERS sistemi tətbiq olunub, F60-ın aerodinamikası da başqadır, bütün bunlar maşının davranışına və idarəolunmasına təsir edir.

İlk test gününə gəldikdə isə, biz böyük məsafə qət etmək, ya da yüksək nəticə göstərmək fikrində deyildik – bu qədər dəyişikliklərdən sonra debüt həmişə çətin olur, amma biz bütün problemləri həll etdik və bu günü müsbət qiymətləndirmək olar. Mən burda olmağımdan və F60-ın sükanı arxasında ilk 100 km-i qət etdiyimə şadam.

Narahatlıq üçün əsas səbəb – KERS-dir, hələlik biz bu sistemdən az istifadə etmişik, yüklənməni tədricən artıracayıq. Növbəti testlərdə biz bu sahədə işimizi davam etdirəcəyik, bu gün isə vacib idi ki, əmin olaq ki, maşın işləyir, daxili blokların temperaturu normaya uyğundur, ötürmələr qutusu və asılqanlar normal çalışırlar. KERS sistemi də müsbət təəssürat yaratdı.

Sual: Reqlamentdəki dəyişikliklərin ciddiliyini nəzərə alsaq, demək olar ki, bu mövsüm maşınların xarakteristikası daha vacib olacaq. Bəs onların idarə olunması necə?
Felipe Massa:
Yeni maşın irəliyə doğru bir addımdır, idarəolunmada fərq hissolunacaq qədərdir, lakin maşınla daha yaxından tanış olduqca hər şey avtomatlaşacaq. Reqlament dəyişəndə belə problemlər artır – keçən il trəkşn-kontrolla da belə olmuşdu. Onda da deyirdilər ki, maşının idarəolunması çətinləşəcək, amma indi vəziyyət elədir ki, daha çox faktor sürücünün ustalığından asılı olacaq.

Sual: Bizə elə gəlir ki, reqlamentdəki dəyişikliklər Ferrari-yə uyğun deyil. Yeni aerodinamika, mövsümün gedişində testlərə qadağa, sliklərin qaytarılması və cümə günün təşkili barədə müzakirələr… Komandada vəziyyət necədir?
Felipe Massa:
Motivasiya, işə münasibət və komanda əməkdaşlarının ümumi əhval-ruhiyyəsi keçən il olduğu kimi qalıb. Mən komandanın bütün departamentlərində nikbinlik hiss edirəm.

Mən bilirəm ki, Stefano Domenikalidən tutmuş təkərlərlə iş şöbəsinə kimi, hamı maksimum nəticə üçün çalışır. Mən komandanın işindən razıyam və bilirəm ki, hər həftə biz irəliləyəcəyik. Formula1-də yeni dövr başlayır, hamıya çətin olacaq, amma biz 100% əminik ki, bizim komandamız rəqabətədavamlı olacaq.

Sual: Bir çoxları yeni maşınalrın xarici görünüşünü tənqid edir, siz bu barədə nə düşünürsünüz?
Felipe Massa:
Mən də Braziliyadan bura uşanda bu barədə düşünürdüm. Mən aerodinamik boruda istifadə olunan modelin rəsimlərini görmüşdüm, lakin yeni maşın həmişə bir qədər fərqli olur. Hər il biz yaxşı maşın hazırlayırıq, mən bilirdim ki, bu dəfə də belə olacaq.

Əlbəttə, yeni reqlamentə əsasən maşınlar əvvəlki kimi effektiv deyil, amma məncə, F60 çox qəşəngdir. Bilirsiniz, mən gözəl görünən və yavaş olan maşındansa, gözəl görünməyən və sürətli olan maşına üstünlük verərəm. Biz ümid edirik ki, yeni maşın həm gözəl, həm də sürətlidir.

Sual: Bu gün siz yeni maşından həzz aldınızmı?
Felipe Massa:
Trasda rəqiblər də olanda nəticələri müqayisə etmək olur. Bu gün belə bir imkan yox idi, amma bizim məqsədimiz trasa yeni maşını çıxarmaq idi. Ona görə də hər şey uğurlu oldu. Mən ümid edirəm ki, gələn həftə, Portuqaliyada, yeni maşın ən sürətli olacaq və səhərdən axşama kimi işləməyə imkan verəcək. Bu gün tam həzz ala bilmədim, amma gün yaxşı keçdi.

Sual: Bu gün siz Braziliya Qran Prisindən sonra birinci dəfə bu qədər çox suallara cavab verdiniz. Siz həmin gündən sonra Lyuis Həmiltonla danışmısınızmı? San Pauloda baş verənlərdən sonra özünüzə gəlmisinizmi?
Felipe Massa:
Mən Lyuisi keçən ilin sonunda FİA-nın mükafatlandırma mərasimində gördüm və titul qazanması münasibətilə təbrik etdim.

Qış tətilində mən qazandığım təcürbəni təhlil etdim. İndi mən qələbəyə daha böyük qüvvə ilə can atıram – biz titulu əldən versək də, bu o demək deyil ki, biz məğlubiyyətə layiq idik. Bu taledir – bu motivasiya üçün, bu il titul uğrunda mübarizə üçün daha bir səbəbdir. Mən arxaya baxmıram, uğursuzluqlar isə məni daha möhkəmləndirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*