F-1.az xatırladır ki, bir neçə ay əvvəl motor yağının yanacaq qismində daxili yanma mühərriyinə düşməsi rəsmən qadağan edilmişdi. Yeni qaydaların 2018-ci il üçün razılaşdırılmasına baxmayaraq, FİA komandaların cari mövsümdə də bu qaydalar çərçivəsindən kənara çıxmamalarını istəyir.
FİA-nın texniki nümayəndəsi Martsin Budkovski Macarıstan Qran Prisi ərəfəsində komandalara məktub göndərib. Məktubda xatırladılıb ki, bu il hər 100 km məsafəyə 0.6 litr yağ sərfiyyatı məqbul sayılır, lakin gələn mövsüm buna ciddi riayət olunacaq. FİA bu il bəzən limitin pozulmasına güzəşt tətbiq etməyə hazırdır.
Məktubda deyilir: “Carı mövsümdə komandalar bəzən bu limitə əməl etməkdə çətinlik yaşaya bilərlər və biz razılığa gəldik ki, belə hallara göz yumaq – bu, bütün güc qurğularına şamil edilir. Lakin biz gözləyirik ki, İtaliya Qran Prisindən etibarən bütün daxiliyanma mühərriklərində yağ sərfiyyatı hər 100 km-ə 0.9 litrdən az olacaq. Bu limitin aşıldığı bütün hallar şübhəli sayılacaq və texniki reqlamentin pozulması kimi qəbul ediləcək. Biz bütün iştirakçıların yağ sərfiyyatını izləməyə davam edəcəyik və müntəzəm yoxlamalar aparacağıq”.