F-1.az xatırladır ki, komandalar FİA-ya məktubla müraciət edərək vəziyyətə aydınlıq gətirməsini istəmişdilər. Mühəndislərin fikrincə, italyan komandasından olan həmkarları yanacaq sərfiyyatını ölçən cihazlardan yan keçən həll yolu tapıblar. Ona görə də mühərrik normadan artıq yanacaq sərf etməklə düzlükdə böyük güc yığırdı.
FİA yanacağın sərfiyyatını ölçən cihazların işinə mane olan sistemləri qadağan edən bəyanatı ilə Amerika Qran Prisi ərəfəsində məsələyə yeni təkan vermişdi. Çox maraqlı idi ki, məhz bu qadağadan sonra Ostində qırmızı maşınlar uzun düzlüklərdə üstünlüklərini itirmişdilər. Aydındır ki, italyanlar güc itkisini yeni aerodinamik paketlə əlaqələndirmişdilər, amma onların bu izahı peletonda şübhələri azaltmamışdı.
Ona görə də FİA həm italyanların maşınından, həm onların müştərisi olan digər bir komandanın maşınından və digər güc qurğusu istehsalçısının bir maşınından yanacaq sistemlərinin borularını götürərək araşdırmaya başlamışdı. Bu gün isə FİA çox qısa, lakin maraqlı bir press-reliz yayımlayıb.
“FİA Ferrari-nin güc qurğusunun təhlilini başa vurub” adlanan relizin aşağıda bütün mətnini veririk, ancaq sənəddən belə bir nəticəyə gələ bilərik ki, federasiya nümayəndələri Ferrari güc qurğusunda qaydaları poza biləcək nəsə tapıblar, lakin tərəflər müəyyən razılaşma əsasında bunu açıqlamayıblar və məsələyə bir daha qayıtmamaq qərara alınıb.
FİA-nın mətbuat relizinin tam mətni
FİA elan edir ki, hərtərəfli texniki araşdırmalardan sonra Ferrari komandasının güc qurğusunun təhlilini tamamlayıb və komanda ilə razılığa gəlib. Razılaşmanın təfərrüatları tərəflər arasında qalacaq.
FİA və Ferrari qarşıdakı mövsümlərdə bütün F1 güc qurğularının istismarının monitorinqini yaxşılaşdıracaq bir sıra texniki öhdəliklər barədə razılığa gəliblər, eyni zamanda FİA-nın Formula1-də tənzimləmə funksiyalarını yerinə yetirməsində, karbon tullantıları və alternativ yanacaqla bağlı araşdırmalarında kömək edəcəklər.