F-1.az bildirir ki, federasiyanın təşəbbüsü ilə keçirilən toplantıda gələcəkdə texniki reqlamentdə baş verə biləcək dəyişikliklər müzakirə olunub. Müzakirədə təkcə Mercedes, Ferrari, Renault və Honda yox, həm də Volkswagen Group başda olmaqla digər şirkətlərin nümayəndələri, o cümlədən Formula1-in yeni sahibi Liberty Media da iştirak ediblər. Görünür, üç-dörd ildən sonra indiki hibrid motorlardan imtina ediləcək və onların əvəzinə daha sadə motorlar gələcək. Həm də seriyalı istehsalda olan texnologiyalar tətbiq edilə bilər.
Paris görüşündə əldə edilmiş razılaşmalar daha ətraflı şəkildə müzakirə ediləcək. Lakin əsas odur ki, iştirakçılar bir çox məsələdə razılıq əldə ediblər.
Formula1-də gələcəkdə tətbiq ediləcək motorlar daha güclü və etibarlı olmalıdırlar, sürücülər yarışın əvvəlindən sonuna qədər hücum edə bilməlidirlər. Lakin, eyni zamanda motorlar sadə, səsləri isə daha gur olmalıdır və daha ucuz başa gəlməlidir.
FİA-nın prezidenti Jan Todt bildirib: “Prossesin gedişi məni sevindirir. Biz müxtəlif maraqları olan şirkətlərlə Formula1-in texniki sahədə inkişaf istiqamətini müzakirə edərkən eyni məxrəcə gələ bildik. Əlbəttə, biz 2021-ci ildə hansı güc qurğularından istifadə ediləcəyini ətraflı tədqiq etməliyik. Biz əla start vermişik, ona görə də prossesin və müzakirələrin davamını səbirsizliklə gözləyirəm”.