F-1.az xəbər verir ki, federasiyanın açıqlamasında bildirilib ki, hər bir müraciət hərtərəfli yoxlanılacaq, araşdırılacaq. Hər bir müraciətin qiymətləndirilməsi komandanın texniki imkanları və resursları, Formula1-də rəqabət səviyyəsində yarışmaq üçün lazım olan maliyyəni cəlb etmək və saxlamaq bacarığı, həmçinin komandanın təcrübəsi və mövcud insan resursları kimi parametrləri əhatə edəcək.
İlk dəfə olaraq, potensial namizədlər davamlılıq problemlərini necə həll edəcəklərini və 2030-cu ilə qədər sıfır CO2 emissiyasına necə nail olmağı planlaşdırdıqlarını söyləməlidirlər. Digər şeylərlə yanaşı, potensial Formula1 iştirakçıları idmanda iştirak etməklə cəmiyyətə necə müsbət təsir göstərməyi planlaşdırdıqlarını təsvir etməlidirlər.
Formula1-də çıxış etmək hüququ qazanacaq namizədlər seçilərkən çempionatın uzunmüddətli maraqları və bütün maraqlı tərəflərin rəyi nəzərə alınacaq. Müraciətin verilməsi üçün rəsmi şərtlər FİA tərəfindən federasiyaya müraciət edən namizədlərə bildiriləcək.
Muhamməd ben Sulayem, FİA prezidenti: “Formula1-in inkişafı və cəlbediciliyi görünməmiş səviyyədədir. FİA hesab edir ki, hazırkı şərtlər uyğundur və elan edilmiş meyarlara cavab verən çempionatda iştirak etməkdə maraqlı olan tərəflər müraciət edə bilərlər.
İlk dəfə olaraq, seçim meyarlarının bir hissəsi olaraq, biz namizədlərdən FİA-nın davamlılıq meyarlarına cavab vermək üçün nə etməyi planlaşdırdıqlarını və idman vasitəsi ilə cəmiyyətə necə müsbət təsir göstərəcəklərini bildirmələrini xahiş edirik.
Mövcud proses FİA-nın 2026-cı ildə yeni güc qurğuları reqlamentinin qəbulundan sonra məntiqi inkişafdır. Bu, artıq Audi-ni Formula1-ə cəlb edib və digər potensial iştirakçıların marağına səbəb olub”.