F-1.az xatırladır ki, İnterlaqosdakı yarışda Red Bull sürücüləri arasında baş verənlər, Maks Ferstappenin hərəkətini “keçmişdəki bir hadisə” ilə bağlı olduğunu deməsi bəzi mənbələrin insanların diqqətini builki Monako Qran Prisinin sıralanma turlarında Serxio Peresin qəzasına çəkməklə nəticələnmişdi. Həmin qəzadan sonra heç kim nəticəsini yaxşılaşdıra bilməmiş və meksikalı sürücü poulun sahibi olmuşdu. Ferstappen isə sadəcə 4-cü yerlə kifayətlənmək məcburiyyətində qalmışdı.
Peres limitlərdə getdiyi üçün qəza etdiyini bildirsə də, son hadisələrə görə bir çoxları həmin məsələyə diqqətini yönəldib. FİA başçısı isə bildirir ki, məsələ ilə bağlı rəsmi etiraz gəlməsə, federasiyanın buna qarışmaq üçün heç bir səbəbi yoxdur.
Muhammed ben Sulayem: “Bizim tərəfimdən heç kim bu məsələ ilə maraqlanmayıb. Amma araşdırılmalı nəsə varsa, məmnuniyyətlə edərik. Bir problem varsa, üstünə düşməkdən çəkinmərəm. Problem federasiyada olarsa, əlimi qaldırıb bunu deyərəm”.
Qeyd edək ki, sıralanma turunda qəsdən qəza etmək idmançıya yaraşmayan hərəkət hesab edilir, Formula1-in İdman Reqlamentinin 37-ci maddəsinin 5-ci bəndində də bu barədə yazılıb.