F-1.az xatırladır ki, FİA-nın qərarına əsasən, Halo sistemini kənar istehsalçı hazırlamalıdır – Auto Motor und Sport-un əldə etdiyi məlumata görə, 3 şirkət FİA-nın tenderində iştirak edib və gələn ayın ilk günlərində federasiya hər 3 istehsalçının sistemini təhlükəsizlik normaları baxımından sınayacaq. Testlərin nəticəsinə görə yekun istehsalçı müəyyən olunacaq.
Məlumdur ki, namizədlər arasında İtaliyanın Breda şirkətinin adı çəkilir – bu şirkət yarış avtomobilləri üçün aksessuarlar istehsalında ixtisaslaşıb. Digər namizəd isə Almaniyanın CP Autosport şirkətidir – bu şirkət isə yarış maşınları üçün, eləcə də aviasiya və kosmik sənaye üçün möhkəm materialların hazırlanması ilə məşğuldur. Üçüncü namizədin adı məlum deyil.
İstehsalçının seçimi zamanı əsas faktorlardan biri də Halo-nun yekun dəyəri olacaq. Komandaların bildirdiyinə görə, sistemin dəyəri 13 min avro ilə 24 min avro arasında dəyişir. Force İndia komandasından Əndi Qrin bu rəqəmləri gülməli sayır: “Bu çox bahadır, biz sistemi yalnız yarışlar üçün deyil, həm də testlər üçün, xüsusən də FİA-nın məcburi çarpma testləri üçün də sifariş verməliyik”.
Haas komandasının başçısı Günter Ştaynerin fikrincə, hər bir komandaya mövsümün gedişində ən azı 5 Halo lazım olacaq: “Hətta sistemin qiyməti 13 min avro olarsa belə, cəmi 10 kq titan üçün çox bahadır…”