Məlumata görə, bazar ertəsi Formula1-in idman direktoru Stiv Nilsen, eləcə də mühəndislər Kreyq Vilson və Riçard Sprinqett trasda olublar. Bu gün Kyalamiyə FİA-da yarış traslarının təhlükəsizliyinə cavabdeh olan Stüart Robertsonun səfəri planlaşdırılıb. Təftişin məqsədi Kyalamidə hansı işlərin görülməli olduğunu öyrənməkdir ki, tras Formula1 yarışlarına ev sahibliyi etmək üçün Grade 1 lisenziyası ala bilsin.
Hazırda tras Grade 2 lisenziyasına malikdir və konfiqurasiyada bəzi təkmilləşdirmələr tələb olunur. Söhbət ilk növbədə çınqıllı təhlükəsizlik zonalarının asfaltla döşənməsi və genişləndirilməsindən, bir neçə döngənin formasının dəyişdirilməsindən, helikopter meydançasının yeni yerə köçürülməsindən və paddokda, eləcə də bokslarda müəyyən işlərin aparılmasından gedir.
Qeyri-rəsmi məlumatlara görə, yenidənqurma işləri 4-6 milyon dollar qiymətləndirilir və yekun investisiya Formula1 və FİA-nın konkret tövsiyələrindən asılıdır. Eyni zamanda, problemlərdən biri də belə bir layihənin həyata keçirilməsinə getdikcə daha az vaxtın qalması ilə bağlıdır. Adı açıqlanmayan bir insayderin dediyinə görə, “artıq avqust ayına az qalıb, amma apreldə yarış keçirməyi hədəfləyirlər”.
Maliyyələşdirmə daha ciddi suallar yarada bilər: trasın sahibi Tobi Venter Cənubi Afrika QP-nin Kyalamiyə qayıtmasını istəyir, lakin bunun üçün istənilən məbləği ödəməyə hazır deyil. Cənubi Afrika hökumətinin Formula1 yarışı layihəsində birbaşa iştirakdan imtinasını nəzərə alsaq, yenidənqurma xərclərini kimin çəkəcəyi hələlik bəlli deyil.
İşin real vəziyyəti ilə tanış olan jurnalistlər Kyalami yarışını 2024-cü ilə təxirə salmağın və gələn mövsüm ənənəvi və sevimli Belçika QP-ni keçirməyin daha real olacağını düşünürlər. Deyirlər ki, təqvimdə Spadakı yarışın yerini məhz Cənubi Afrikadakı mərhələ tutmalı idi və bu da Cənubi Afrika tərəfi ilə aparılan danışıqların nəticələrindən asılıdır.