F-1.az xəbər verir ki, FİA-nın yeni prezidenti Muhəmməd bin Sulayem müavini Robert Ridlə birlikdə federasiyanın bütün departamentlərinin rəhbərlərinin iştirakı ilə mövsümün son yarışında və finişdən sonra baş verən hadisələrin ətraflı təhlilini aparıb.
Araşdırmaya FİA-nın baş katibi Peter Bayer rəhbərlik edir. FİA hələ yarışın direktoru Maykl Masi, stüardlar, sürücülər və komanda nümayəndələri də daxil olmaqla, yarışların bütün əsas iştirakçılarından izahat almaq niyyətindədir. FİA rəsmisi bildirib ki, araşdırma “hərtərəfli, obyektiv və şəffaf” olacaq.
Gözlənilir ki, araşdırmanın nəticələri və belə halların təkrarlanmaması üçün nəzərdə tutulan təkliflər FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının fevralın 3-də keçiriləcək iclasında təqdim olunacaq.
Bundan əvvəl Maykl Masinin yarış direktoru vəzifəsini itirəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Səbəb yanvarın əvvəlində dərc olunan FİA-nın idarəetmə strukturunu təsvir edən sənəddə Masinin adının çəkilməməsi olub. Lakin hesab edilir ki, hazırda Maykl Masinin taleyi ilə bağlı qərar verilməyib.