F-1.az xəbər verir ki, FİA 22 yaşlı Kolton Hertanın birmənalı olaraq F1-də yarışmağa lisenziya ala bilməyəcəyinə qərar verib. Federasiya cümə günü belə bir müraciət aldıqlarını təsdiqləyib və qərar kaliforniyalı sürücünün lehinə olmayıb: “Biz rəsmi kanallar vasitəsilə sorğu aldığımızı təsdiq edirik və sürücünün lisenziya üçün kifayət qədər balının olmadığını təkrar etməyə hazırıq. Biz lisenziya üçün mövcud qayda və prosedurları daim nəzərdən keçiririk, təhlükəsizlik, təcrübə və nəticələrin olması əsas amil kimi qalır”.
Beləliklə, FİA-nın bu bəyanatını Koltonun lisenziya məsələsinə bir nöqtə hesab etmək olar. Bu da, avtomatik olaraq onu gələn il F1-də debüt etmə şansından məhrum edir.
Digər tərəfdən, Qaslinin AlphaTauridə qalacağı və ya Alpine-ə keçəcəyi hələ də sual olaraq qalır. Red Bull daha əvvəl də vurğulamışdı ki, Pyeri yalnız ona layiqli əvəzləyici tapsalar fransız zavod komandasına buraxacaqlar. Herta onun üçün layiqli əvəzedici hesab edilirdi, lakin hazırda bu, mümkün deyil…