FİA Formula1-in yeni strukturunu təqdim edib

2023-cü il mövsümü başlamazdan əvvəl FİA Formula1-ə cavabdeh olan departamentlərin yenidən təşkilini başa çatdırıb və Dünya Çempionatı üçün yeni idarəetmə strukturunu təqdim edib.

F-1.az xəbər verir ki, 2018-ci ildən Formula1-də FİA-nın texniki komandasına rəhbərlik edən Nikolas Tombasis daha universal təkoturacaqlı yarış seriyalarının direktoru vəzifəsinə yüksəlib. Bilavasitə ona idman, texniki, maliyyə direktorları, eləcə də strategiya və əməliyyatlar üzrə direktoru tabe olacaqlar.

Stiv Nilsen FOM-dan FİA-ya idman direktoru kimi keçib. O, Formula1-də bütün idman məsələlərinə, o cümlədən yarışların idarə edilməsinə və idman reqlamentinin təkmilləşməsinə cavabdeh olacaq.

2021-ci ildən Nikolas Tombasisin müavini olan Tim Qoss texniki direktor vəzifəsinə yüksəlib.

Federiko Lodi Formula1-in yeni maliyyə direktoru təyin olunub. Əvvəllər Lodi yarandığı gündən FİA-nın maliyyə departamentinə rəhbərlik edib.

Keçmiş idman direktoru Fransua Sikar yeni yaradılmış Formula1-in strategiyası və əməliyyatlar üzrə direktoru vəzifəsini icra edəcək. O, uzunmüddətli planlaşdırma, əsas avtodrom fəaliyyətləri və logistikaya cavabdeh olacaq.

Məhəmməd ben Sulayem, FİA prezidenti: “Gələcəkdə idmanı tənzimləmək üçün lazımi insanlarla düzgün struktur yaratmaq üçün Formula1 komandamızda əhəmiyyətli və şüurlu dəyişikliklər etməyə çox vaxt və səy sərf etdik. Əminəm ki, təşkilatımız daxilində insanları inkişaf etdirmək və gücləndirməklə, eləcə də kənardan bilik və təcrübə gətirməklə biz FOM tərəfdaşlarımız və Formula1 komandalarımızla birlikdə irəliləmək üçün ən yaxşı şəraiti yaradırıq”.

Nikolas Tombasis, Təkoturacaqlı Yarış Seriyalarının direktoru: “FİA-da yeni vəzifəmi icra etməkdən şərəf duyuram və mənə göstərdiyi etimada görə prezidentə çox minnətdaram. Formula1-in tələb etdiyi və layiq olduğu nəzarət səviyyəsini təmin etmək üçün çox çalışan son dərəcə istedadlı və fədakar insanlardan ibarət qrupumuz var. Əminəm ki, yeni struktur resurslarımızı növbəti səviyyəyə qaldıracaq və davamlı təkmilləşdirməyə imkan verəcək”.

Stiv Nilsen, İdman Direktoru: “Bu peşədə keçirdiyim illər ərzində Formula1-in bir çox komanda və strukturlarında çalışmışam və indi FİA-da yeni səhifə açmağı səbirsizliklə gözləyirəm. Mənə etimad göstərdikləri üçün prezidentə və Stefano Domenikaliyə təşəkkür etmək istəyirəm.

Mən tənzimləyici olmağın unikal çətinliklərini başa düşürəm və qəbul edirəm. Bu illər ərzində mən FİA-da çoxları ilə sıx əməkdaşlıq etmişəm və indi yeni çağırışların öhdəsindən gəlməyi səbirsizliklə gözləyirəm. Formula1 əla formadadır və biz etdiyimiz hər şeyin əsasını təşkil edən idmanın gələcəyinə cavabdehik”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*