Bu həftə FİA növbəti dəfə Mercedes AMG komandasının hazırladığı DRS-hava kanalının leqallığı məsələsini müzakirə edəcək. BBC Sport-un verdiyi məlumata görə, çempionatın beş komandası sistemi qeyri qanuni hesab edir.
Federasiyanın mütəxəssisləri Ştutqart konserninin zavod komandasının hazırladığı DRS-hava kanalını leqal hesab etmişdilər, amma Avstraliya uik-endindən başlayaraq rəqiblər FİA-nın texniki nümayəndəsi Çarli Uaytinqdən öz mövqeyini əsaslandırmağı tələb edirlər.
Bu tələbləri ödəmək məqsədilə FİA yaxın günlərdə komandaların irəli sürdükləri arqumentləri nəzərdən keçirəcək və mövqeyini yekunlaşdıracaq.
ВВС-in bildirdiyinə görə, əgər Çarli Uaytinq sistemin leqallığında israr edərsə, onda Çin Qran Prisi günlərində bəzi komandalar rəsmi şikayətlə federasiyaya müraciət edə bilərlər.
Onların fikrincə, Mercedes AMG mühəndislərinin hazırladıqları sistem texniki reqlamentin ən azı iki bəndini pozur. 3.15-ci maddədə maşının aerodinamik xarakterini dəyişən hər hansı bir sistem, qurğu və prosedurda sürücünün iştirakı qadağan olunur.
Çarli Uaytinq bu maddəyə əks arqument gətirir: “Bəzi komandaların maşınlarında hava axını hava kanalına məhz DRS işləyərkən daxil olur, bu hava kanalı tam passiv qurğudur, içində heç bir hərəkətli hissə yoxdur, asılqan və ya sükanla əlaqədar deyil. Beləliklə, mən bu kanalı qadağan edən qayda görmürəm.”
Ross Braun Sepanqda jurnalistlərə deyib: “Biz bu sistemi DRS adlandırırıq. DRS_in məqsədi ötmələri artırmaqdır və biz də məhz buna çalışırıq.”
Amma komandanın təqibləri hesab edirlər ki, hava kanalı 3.18 bəndini də pozur, burda söhbət DRS sistemindən gedir: sistem yalnız arxa antiqanadın yuxarı hərkətli lövhəsindən ibarət ola bilər, amma almaniyalı mühəndislərin hazırladıqları sistemə düşən hava sonda ön antiqanada ötürülür, bunun isə DRS-lə heç bir əlaqəsi yoxdur.
Bu müzakirədə tərəflərdən hansının qalib gələcəyi yaxın həftələrdə bəlli olacaq…