FİA bir daha çempionat iştirakçılarının siyahısına dəyişikliklər edib, beləki Force İndia komandası federasiyadan əvvəlki start nömərlərini ona qaytarmağı xahiş edib. Bildiyimiz kimi, keçən həftə siyahıda müəyyən dəyişikliklər edilmişdi və Brawn GP yeni komanda hesab olunduğu üçün komandanın sürücülərinə 20 və 21-ci nömrələr verilmişdi, Force İndia komandası isə 18 və 19-cu nömrələri almışdı.
Amma Vicey Malyanın komandası məhz bu nömrələri geri almaq qərarına gəlib, çünki komanda müəyyən reklam materiallarının, suvenirlərin, hədiyyələrin, atributların hazırlanmasında onlardan istifadə edib.
Brawn GP komandasının rəhbərliyi bu məsələyə etiraz etmədiyi üçün 20 və 21-ci nömrələr Force İndia komandasına qaytarılıb, Batton və Barrikello isə 22 və 23-cü nömrələri alıblar. Beləliklə, 18 və 19 nömərli maşınları çempionatda görməyəcəyik…