Mövsümlərarası fasilə zamanı ən çox müzakirə olunan məsələ həm düzlüklərdə, həm də döngələrdə üstünlük qazanmağa imkan verən asılqanların qaydalara uyğun gəlib-gəlməməsi olmuşdu. Hər şey isə bu ilin əvvəlində Ferrari-nin federasiyaya müraciəti ilə başlamışdı. Rəsmi cavab bu cür asılqanların qadağan olunduğunu bildirmişdi. Cavabda heç bir komandanın adı hallanmasa da, hamı başa düşürdü ki, Skuderiya birbaşa əsas rəqiblərinə – Mercedes və Red Bull-a qarşı addımlar atır.
Testlərin başlanması ilə FİA yenidən bu məsələyə qayıdaraq hər bir komandaya rəsmi məktub göndərərək, asılqanlarda məhz nəyin qadağan olunmasını mühəndislərin nəzərinə çatdrıb. Məktubun sonunda isə bildirilib ki, hər bir komanda özünün hazırladığı asılqanın leqallığını özü sübut etməlidir: “Əgər iştirakçı FİA-nın texniki nümayəndəsinə sübut edə bilməsə ki, maşında quraşdırılmış asılqan sisteminin əsas təyinatı şassinin və sürücünün trasın əyriliklərindən qorunmasıdır, onda FİA bu cür sistemin sökülməsini və ya söndürülməsini xahiş edə bilər…”
Ona görə də federasiyanın nümayəndələri artıq Barselonada asılqanların leqallığını təftiş etməyə başlayıblar ki, Avstraliya Qran Prisində xoşagəlməz sürprizləri istisna etsinlər. Hazırda məlum deyil ki, federasiyanın nümayəndələri neçə maşını təftiş ediblər, amma dəqiq məlumdur ki, komandalardan birinə asıqlanın konstruksiyasını dəyişmək tövsiyə olunub. Təəssüf ki, komandanın adı dəqiq məlum deyil, amma bir çoxunun şübhələndiyi Red Bull komandasının maşını hələ təftiş olunmayıb.