FİA 2020-ci ilin təqvimini təsdiq edib: Bakı iyunda çempionatı qəbul edəcək

Dünən Kölndə FİA prezidenti Jan Todtun sədrliyi ilə Avtoİdman üzrə Ümumdünya Şurasının iclası baş tutub - iclasda 2020-ci il mövsümü üçün Formula1 üzrə Dünya çempionatının təqvimi təsdiq olunub.

F-1.az xəbər verir ki, yeni mövsüm mərhələlərin sayına görə rekorda imza atacaq – martın ortasından noyabrın sonunadək çempionat iştirakçıları 22 Qran Pridə güclərini sınayacaqlar. Təqvimdə iki yeni yarış yer alıb – Vyetnamın paytaxtı Hanoya idmançılar ilk dəfə yollanacaqları halda, Hollandiyanın əfsanəvi Zandfort trası 35 illik fasilədən sonra təqvimə qayıdacaq. Bizim yarışımız isə ikiillik fasilədən sonra iyun ayına qayıdacaq – düzdür, bu dəfə iyunun sonuna deyil, ilk həftəsinə.

Hərçənd, dünən axşam təsdiq olunmuş təqvimdə hər iki tras hələlik ulduzla işarə olunub: yəni hər iki trası hələ FİA-nın təftişi gözləyir – Zandfortda yenidənqurma işləri yanvarda başlamalıdır, Hanoyda isə trasın şəhər küçələrindən kənar hissələrində tikinti işləri artıq başlayıb.

Yeni mövsümün gedişində 14 yarış cəmi birhəftəlik fasilə ilə ayrılıb: Avstraliya və Bəhreyn, Hollandiya və İspaniya, Azərbaycan və Kanada, Fransa və Avstriya, Belçika və İtaliya, Sinqapur və Rusiya, ABŞ və Meksika. Bunun səbəbi ənənəvi avqust tətilini – komandaların 4 həftəlik məzuniyyətini saxlamaq istəyi olub.

Xatırladaq ki, təqvimin ilkin versiyası avqustda təqdim olunmuşdu – FİA son versiyada heç bir dəyişiklik etmədən təqvimi rəsmən təsdiqləyib.

Növbəti dəfə Ümumdünya Şurası dekabrın 4-də Parisdə toplaşacaq – FİA Baş Assambleyasının toplantısından sonra federasiyanın bayrağı altında baş tutan çempionatların ilk üçlükləri mükafatlarını alacaqlar…

2020-ci il mövsümünün təqviminin ilkin versiyası:

Tarix Qran Pri Keçirildiyi şəhər
15 mart Avstraliya Melburn
22 mart Bəhreyn Saxir
5 aprel Vyetnam Hanoy
19 aprel Çin Şanxay
3 may Hollandiya Zandfort
10 may İspaniya Barselona
24 may Monako Monako
7 iyun Azərbaycan Bakı
14 iyun Kanada Monreal
28 iyun Fransa Le Kastelle
5 iyul Avstriya Şpilberq
19 iyul Britaniya Silverstoun
2 avqust Macarıstan Budapeşt
30 avqust Belçika Spa
6 sentyabr İtaliya Montsa
20 sentyabr Sinqapur Sinqapur
27 sentyabr Rusiya Soçi
11 oktyabr Yaponiya Suzuka
25 oktyabr ABŞ Ostin
1 noyabr Meksika Mexiko
15 noyabr Braziliya San Paulu
29 noyabr Əbu Dabi Yas Marina
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*