Bugünkü yarışı ikinci yerdə başa vuran Aston Martin komandasının sürücüsü Sebastyan Fettelin nəticəsi ləğv olunub və o, protokollardan xaric edilib.
Yarışın finişindən sonra Fettel maşını 12-cı döngədə saxlayaraq boksa piyada qayıtmışdı, texniki təftiş zamanı məlum olmuşdu ki, maşında cəmi 0.3 litr yanacaq qalıb – reqlament isə ən azı 1 litr yanacağın olmasını tələb edir. Aston Martin mexaniklərinin cəhdləri nəticə verməyib – lazım olan həcmdə yanacaq maşında toplanmayıb.
Bu cərimədən sonra Həmilton 2-ci yerə yüksəlib, podiumun son pilləsi isə Saynsa qismət olub. Aşağıdakı sürücülərin hamısı bir pillə irəliləyiblər və son 1 xal Kimi Rəykkönenin aktivinə yazılıb.
Yekun nəticədə Həmilton Ferstappen üzərində daha 2 xal üstünlük qazanıb, Mercedes komandası isə üstünlüyünü 12 xala çatdırıb…