F-1.az xatırladır ki, dünən sıralanma turunda 3-cü olan almaniyalı sürücü Mercedes sürücülərinə kifayət qədər çox uduzmuşdu. Fettel yarışın startındaca Lyuis Həmiltonu qabaqlamaqla vəziyyəti öz xeyrinə dəyişib, çünki poulun sahibi Bottas ondan uzaqlaşa bilməyib.
Bottas yarışın ilk hissəsində, ümumiyyətlə, yavaş olub və arxasındakı sürücülər hamısı DRS zonasında onu təqib ediblər, amma Bəhreyn trasında da ötmə etmək çox çətin olub. Liderlər arasında real ötməni startda geri düşən Kimi Rəykkönen Massaya qarşı edib. Ötmənin qeyri-mümkün olduğunu görən Skuderiyanın strateqləri Fetteli boksa çağırıblar – qırmızı təkərlərlə trasa qayıdan dördqat dünya çempionu zaman itirmədən sürətini artırıb.
Yenə də liderlərin mübarizəsinə Təhlükəsizlik Maşını müdaxilə edib – bu dəfə Stroll və Saynsın toqquşmasından sonra Williams maşınının trasda təhlükəli dayanması Bernd Maylanderin trasa çıxmasına səbəb olub. Bottasın təkər dəyişməsi zamanı vaxt itirən Həmiltonu Rikkardo qabaqlayıb, hələ üstəlik pit yolunda sürətini səbəbsiz kəskin aşağı saldığı üçün britaniyalı sürücü 5 saniyəlik cərimə də alıb.
Bütün bu hadisələr Fettelin qələbə şansını artırıb – fərqli strategiyada olan Fettel və Həmiltonu ikinci pit-stopdan sonra 20 saniyə ayırıb. Britaniyalı sürücünün gücü komanda yoldaşını ötməklə fərqi azaltmağa çatıb.
Beləliklə, Fettel karyerasında ilk dəfə mövsümün ilk 3 yarışında 2-ci qələbəsini qazanıb – Bəhreyndə 3-cü qələbəsinə sevinən Sebastyan karyerasında qələbələrin sayını 44-ə çatdırıb. Bu qələbəsindən sonra Fettel çempionatda da liderliyə yüksəlib. Kimi Rəykkönen finişdə 4-cü olduğu üçün Ferrari də Mühəndislər Kubokunda Mercedes-i qabaqlayıb.
Mübarizə isə 2 həftədən sonra Soçidə davam edəcək…