F-1.az xatırladır ki, Lyuis Silverstoundakı yarışın sonlarında Leklerlə olan mübarizəsi barədə danışarkən monakolu sürücüyə təriflər yağdırmış, onun daha məntiqli olduğunu bildirirək bir növ Ferstappenlə keçən il eyni yerdə etdikləri qəzanı nəzərdə tutmuşdu.
Avstriyada bu gün baş tutan mətbuat konfransında Maksa bu barədə sual ünvanlanıb, niderlandlı sürücü bir qədər güldükdən sonra cavab verib.
Maks Ferstappen: “37 yaşında apeksə necə düşməli olduğunu öyrənməyə davam etməsi çox gözəldir. O, öyrənir, bu müsbət haldır. Gənc sürücülər üçün də yaxşı bir şeydir, çünki bu yaşda da öyrənməyin mümkün olduğunu görürlər. Görüntülərə baxdıqda məlum olur ki, fərqləri sezmək olur.
Məncə Şarl mənə nisbətən daha az boşluq qoyub. Bu da hər şeyi açıqlayır. Keçən il cəzalandırılan Lyuis idi, bu mövzu barədə danışmaq mənasızdır. Lyuisin dedikləri mənim performansıma heç bir təsir etmir. Sadəcə diqqətimi edəcəyimiz şeylərə yönəldirəm və fikrimcə bu il əla irəliləyirik. Məni də ancaq bu maraqlandırır”.