F-1.az xatırladır ki, hollandiyalı sürücü keçən il Barselona yarışından əvvəl Toro Rosso komandasından Red Bull-a transfer olunmuş və Avstriya təmsilçisinin heyətində karyerasının ilk qələbəsini qazanmışdı.
Maks Ferstappen: “İspaniya yarışı mənim üçün həmişə anlamlı olacaq. Keçənilki xüsusi yarış idi. Telefonla mənə zəng edərək, Red Bull-a keçdiyimi demişdilər və gözəl hiss idi. Bolidə uyğunlaşmaq üçün bazada simulyatorda çoxlu məşq etdim. Mətbuatın da təzyiqini hiss edirdim, amma gərgin deyildim. Yüksək səviyyəli komandada yarışacağım üçün xoşbəxt idim. Maksimumu ala bilmişdik və damalı bayrağı birinci keçəndə inanılmaz hisslər yaşayırdım.
Barselonada üçüncü döngəni sevirəm. Tam sürətlə getdiyimiz uzun döngədir. Boyun əzələləriniz yaxşı vəziyyətdə olmalıdır. Görək yeniliklər necə olacaq. Zirvədəki komandalara yaxın olmağa ümid edirəm. Bu yaxşı yöndə addım olar”.