F-1.az Gazzetta dello Sport-a istinadən bildirir ki, Binottonun komandadan ayrılacağıdəqiqdir, yalnız Maranellodan müvafiq press-relizi gözləmək qalır. İddialara görə, onun istefasının rəsmi səbəbi şirkət rəhbərliyinin etimadını itirməsi olacaq. İtaliyanın nüfuzlu qəzetinin yazdığına görə, Skuderiya bu il qələbələr qazansa da, Binotto ilə şirkət rəhbərliyi arasında münasibətlərin soyuması daha əvvəl baş verib.
Nəşr iddialarının təsdiqi kimi bu faktı göstərir: Əbu-Dabi Qran Prisindən sonra Binotto və Ferrari rəhbərliyi arasında heç bir danışıqlar olmayıb və bu, onun təcrid olunmasından xəbər verir. Binottonun müqaviləsi 2023-cü ilin sonunda bitdiyi üçün ona təzminat ödəniləcək, lakin onun məbləği və digər şərtlər hələ müzakirə edilməyib.
Nəşrin bir digər iddiasına görə isə Ferrari-nin yarış bölməsi olan Gestione Sportiva-nın rəhbəri vəzifəsini müvəqqəti olaraq icraçı direktor Benedetto Vinya yerinə yetirəcək, çünki Scuderia-nın gələcək rəhbərinin kimliyi barədə hələ qərar verilməyib. Digər tərəfdən də Frederik Vasyör əsas iddiaçı olaraq qalır, amma alternativ variantların axtarışı da davam edir…