F-1.az xatırladır ki, əfsanəvi Mixael Şumaxerin oğlu Mik keçən il Almaniya və İtaliya F4 seriyalarında mübarizə apardıqdan sonra bu il Avropa F3 Çempionatında Prema komandasında çıxış edəcək.
Mikin adı indiyə qədər Mercedes ilə hallanıb, amma Ferrari də onu transfer etməyə hazır olduğunu açıqlayıb.
Ferrari Sürücü Akademiyasının prezidenti Massimo Rivola bu barədə danışıb: “Sözün açığı, onu izləyirik. Bu il ona yaxın olma fürsətimiz var, çünki Prema komandasında akademiyamızın sürücüsü Jou ilə komanda yoldaşı olacaq. Onun gələcəyi barədə danışsaq, nəyə qərar verəcəyini bilmirəm. Amma Ferrari Sürücü Akademiyasına qoşulmaq istəsə, önündə qırmızı xalça görəcək”.
Rivola bildirib ki, onlar Şumaxerin həm trasda, həm də trasdan kənar hərəkətlərini bəyəniblər: “Mik mədənidir və özündən razı deyil. Buna görə də ailəsini təbrik edirəm. Onu yaxşı böyüdüblər. Çox gəncdir və mətbuatın təzyiqini dəf etməlidir. Amma əla iş görür”.
Rivola Ferrari-nin üçüncü sürücüsü Antonio Covinatsini də tərifləyib. Xatırladaq ki, italiyalı sürücü keçən mövsüm GP2-də 5 qələbə qazanaraq çempionatda 2-ci olduqdan sonra Ferrari Sürücü Akademiyasına qoşulmuşdu.
Massimo Rivola: “O çox güclüdür. 2016-cı ilin əvvəlində onu akademiyaya istəmişdim. Buna görə də üçüncü sürücü olmasına sevinirəm. Bu şansa layiqdir. Məncə, o böyük istedaddır. Antonionun 23 yaşı var, amma Formula1-də 18 yaşlı uşaqların yarışmasını doğru hesab etmirəm. Hər sürücünün özünəxas hekayəsi var. Formula1 də sürücülərə belə yanaşmalıdır”.