Ənənəvi Wrooom qış festivalında jurnalistlərin suallarını cavablandıran Ferrari komandasının başçısı Stefano Domenikali bildirib ki, nə qədər komandada Fernando Alonso çıxış edir Sebastyan Fettelin Skuderiyaya gəlməsi istisna olunur…
Stefano Domenikali: “Biz həmişə demişdik və bu yaxınlarda bizim prezident Luka di Montedzemolo bir daha qeyd edib ki, drim-tim (arzu komandası) yalnız o halda qeyri-adi nəticələr göstərə bilər ki, komandaya effektiv rəhbərlik təmin olunsun və hər şey ideal olsun. Mən hesab edirəm ki, indi bizim belə bir komanda qurmaq məqsədimiz yoxdur. Biz hazırda əlimizdə olan imkanlarımızla maksimum nəticə göstərməliyik. Biz çox ehtiyatlı olmalıyıq.
Bu yalnız Formula1-ə aid deyil, elə bütün idman növlərində belədir. Əgər komandada birinci sürücü statusuna namizəd olan sürücüləri bir yerə toplasaq, bunun xeyirdən çox ziyanı olacaq. Beləliklə, hazırda Fetteli komandaya dəvət etmək bizim məqsədimiz deyil.”
Stefano Domenikali Red Bull şirkətinin idman məsləhətçisi Helmut Markonun Fernandonun müxtəlif siyasi oyunlarda iştirakını ittiham etməsinə də münasibət bildirib…
Stefano Domenikali: “Düzünü desəm, mənə elə gəlir ki, Fernando qarşısına qoyduğu məqsədə çatmağa köklənib. Amma onu siyasi oyunlarda iştirak etməkdə ittiham edən insan, özü də bilmədən Fernandonu yeno oyuna cəlb eləmək istəyir. Yəni bu yolla onun diqqətini zəiflətməyə çalışır. Amma mən bilirəm ki, biz hər cür belə çıxışa yalnız trasda cavab verməliyik, çünki söz heç nədir. Biz Markoya yükəsk nəticələrlə cavab verməyə çalışacayıq.”