Ferrari Rusiyaya yeni mühərrik gətirəcək

Ferrari komandası artıq Rusiyada yeni mühərrikdən istifadə etmək istəyir.

F-1.az xatırladır ki, ilk 3 yarışda Ferrari-nin tempi yüksək olsa da, hələ qələbə qazana bilməyib.

Sebastyan Fettel Bəhreyndə mühərrik probleminə görə yarışı vaxtından əvvəl dayandırmışdı və almaniyalı hazırda ikinci güc qurğusundan istifadə edir, amma buna baxmayaraq, italyanlar yenilənmiş güc qurğusunu Rusiyada istifadə etmək istəyirlər.

Bəzi məlumatlara əsasən, Ferrari komandası 9 şərti baldan 3-nü istifadə etməklə təkmilləşdirdiyi motorla artıq Soçidə yarışdırmaq niyyətindədir.

Əgər plan reallaşsa, həm Fettel, həm də Rəykkönen yeni mühərrikdən istifadə edəcəklər.

Əslində Fettelin haqqı olduğu beş mühərrikdən üçünü mövsümün əvvəlində istifadə etməsi o qədər də qorxulu deyil. Mühərrikləri növbəli şəkildə istifadə etmək mümkündür və bu, işləri asanlaşdırır. Mühərriklərin ömrünün 30-40 faizi sərbəst yürüşlərdə keçir, yəni Ferrari köhnə mühərriklərdən sərbəst yürüşlərdə istifadə edə bilər. Bundan başqa Monako və Sinqapur kimi traslar mühərriyə elə də tələbkar deyil, bu traslarda yeni güc qurğularından istifadə etmək zəruri deyil.

Rusiya isə bu traslardan fərqlənir, çünki burada uzun düzlüklər var. Məhz bu səbəbdən Ferrari yeni mühərriklə düzlüklərdə daha sürətli olmaq niyyətindədir.

Ferrari-nin prezidenti Sercio Markionne də Çində komandanın yenilənmələri barədə danışmışdı: “Hər şey yaxşı gedir. Böyük hədəflərimiz var. Bunun üçün isə tamamilə yenilənmiş bolidi tanımalıyıq. Ona görə də səhvlər normal qarşılanmalıdır.

Mən bilirəm ki, Avstraliyada qalib gələ bilərdik, amma buna baxmayaraq inkişafımızdan razıyam.

Yenə də çox iş görməliyik. Yeniliklər gətirəcəyik. Mercedes də inkişaf edəcək. Biz zənn etməməliyik ki, asanlıqla onlara çata biləcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*