F-1.az xəbər verir ki, Ferrari komandası stüardları eyni situasiyada ikili standartın tətbiqində ittiham edib və onların qərarından apellyasiya şikayəti verdiyini açıqlayıb.
Frederik Vassyör: “Aydındır ki, Qasli və Okon, eləcə də Sarcent və de Friez arasında baş verən insidentlərə stüardların reaksiyası fərqli idi. Biz bu məsələnin heç olmasa açıq müzakirəsini gözləyirik. İdmanın rifahı üçün eyni döngədə baş verən üç insidentin fərqli nəticələr doğurduğu bu cür qərarlardan qaçınmaq vacibdir.
Karlosun arqumentlərini təqdim etməyə belə icazə verilmədən cəzalandırıldığını biləndə onun necə əsəbiləşdiyini eşitdiniz. Düşünürəm ki, bunun mənası var idi, çünki yarış bitmişdi və Karlosa qarşı sanksiyalar podiuma təsir etmədi. Qasli və Okonda olduğu kimi vəziyyəti təhlil etmək lazım idi.
Müraciət etmək üçün 14 gün vaxtımız var idi, biz də bunu vaxtında etdik. Məhkəmə həftəsonu Bakıda və ya daha tez baş tuta bilər. Biz bunu daha tez etməyə üstünlük verərdik.
FİA şikayətimizi nəzərdən keçirəcək və işi yenidən aça biləcəklərinə qərar verəcək. Əgər iş yenidən açılarsa, qərarın özü ilə bağlı eyni stüardların iştirakı ilə ikinci dinləmə olacaq”.