Ferrari-nin təkamülü (1950-2016-cı illər): 66-cı yazı – Ferrari SF16-H

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 2 gün qalır – 2 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 66-cı yazımızda mövsümü poulsuz və qələbəsiz başa vuran Ferrari SF16-H modelindən danışacağıq…

2015-ci ili 3 qələbə ilə Mühəndislər Kubokunda 2-ci yerdə başa vuran Skuderiya növbəti addımı atmağa ümid edirdi – Mercedes-lə titul uğrunda mübarizə aparmağa. Amma daha bir qələbəsiz və poulsuz mövsüm 3-cü yerlə nəticələndi.

Ceyms Əllisonun növbəti maşını rəng çaları ilə də sələflərindən fərqlənirdi – maşının yuxarı hissəsi ağ zolaqla haşiyələnmişdi. Komandanın sürücü heyəti dəyişməmişdi – ona görə də Əllison həm özünün sevdiyi, həm də hər iki sürücünün üstünlük verdiyi ön asılqanda itələmə prinsipinə qayıtmışdı.

Əllison yan pantonların formasını dəyişməklə maşının arxa hissəsini daha dar etmişdi – mühəndis bu hissədə asfaltayatma qüvvəsini artırmağa çalışmışdı. Mövsümöncəsi testlərdə maşın çox sürətli görünürdü – Skuderiyanın sürücüləri 8 günlük testlərin 5 günündə protokollara başçılıq etmişdilər, amma mövsümün ilk yarışları göstərdi ki, Ferrari titul uğrunda mübarizəyə hazır deyil. Mövsümün gedişində motorun gücünün artırılması komandaya kömək etmədi və növbəti dəfə qırmızılar maşının təkmilləşmə tempində rəqiblərinə, xüsusən də Red Bull-a uduzdular. Mövsümün ilk 9 yarışında 9 podium qazanan italyanlar növbəti 12 yarışda cəmi 2 dəfə podiuma sevindilər…

FERRARİ SF16-H

Ferrari, Scuderia Ferrari, Ferrari SF16-H, 2016, Kimi Raikkonen, Sebastian Vettel

Yeni bolid SF16-H adını almışdı, H – hibrid sözündən götürülmüşdü. Reqlamentin sabit qaldığı bir mövsümdə Əllison əvvəlki maşının təkmilləşdirilməsi ilə məşğul olmuşdu. Amma mövsümün əvvəlində mühəndisin həyat yoldaşının vəfat etməsi komandanı çətin vəziyyətə qoydu – britaniyalı evdə qalmaqla uşaqlarına daha çox vaxt həsr etməyə üstünlük verdi, ona görə də komanda mövsümün ortasında mühəndisi istefaya göndərməli oldu. Bu hadisə Skuderiyanın mövsümün gedişində rəqiblərin inkişaf tempinə tab gətirməməsində vacib rol oynadı.

Əllison yeni maşında itələyici ön asılqana qayıtdı – həm Fettel, həm də Rəykkönen maşının ön hissəsinin daha həssas olmasına üstünlük verirlər, ona görə də finlandiyalı sürücünün bu il nəticələri daha yaxşılaşdı. Amma ümumi vəziyyət son illərin tam eynisi oldu.

Əllison daha qısa burun hazırlamışdı, yan pantonların formasını dəyişməklə, həm daxili hava axınını ram etmiş, həm də maşının arxa hissəsində qanada havanın daha nizamlı düşməsini təmin etmişdi. Motorçular dondurulmuş reqlament çərçivəsində motoru təkmilləşdirərək gücünü xeyli artırmışdılar.

İlk səfər yarışları yeni Ferrari-nin sələfindən güclü olmasını göstərsə, yeni Mercedes-dən zəif olduğunu sübut etdi. İspaniyada hər iki Mercedes sürücüsünün yarışı dayandırmasından da tam istifadə etmək alınmadı – qələbəni Red Bull-un gənc sürücüsü Ferstappen qazanarkən, Kimi və Sebastyan podiumun qalan yerlərinə sahib çıxdılar. Malayziyada da Mercedes-in növbəti məğlubiyyətindən Red Bull yararlandı. Mövsümün ikinci yarısında Ferrari artıq peletonun 3-cü komandasına çevrilmişdi, ona görə də podium belə komanda üçün qələbəyə bərabər sayılırdı.

Yekunda poulsuz və qələbəsiz keçən mövsüm Mühəndislər Kubokunda 3-cü yerlə nəticələndi. Ardıcıl 3-cü titulu Mercedes qazandı, amma sürücülər arasında bu dəfə Niko Rosberq birinci oldu…

FERRARİ SF16-H-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari SF16-H, 2016, Kimi Raikkonen, Sebastian Vettel

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
2016-cı il 21 41 0 0 11 2
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*