Ferrari-nin təkamülü (1950-2016-cı illər): 60-cı yazı – Ferrari F10

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 8 gün qalır – 8 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 60-cı yazımızda Fernando Alonsonun ilk qırmızı maşını Ferrari F10 modelindən danışacağıq…

2009-cu ilin gedişində rəqiblərinə çata bilməyəcəklərini başa düşdükdən sonra Ferrari-nin mühəndisləri növbəti mövsümün maşını üzərində işləməyə başladılar, ona görə də Mühəndislər Kubokunda 3-cü yeri də McLaren-ə uduzdular. 2010-cu ildə bu addım özünü doğrultdu. Yeni Ferrari F10 çempionatın ən yaxşı maşınlarından biri oldu.

Bir çox sahələrdə F10 keçənilki F60-ın modernizə olunmuş versiyası idi, amma konstruksiya elə dəyişdirilmişdi ki, yenilənmiş diffuzordan maksimum istifadə etmək mümkün olsun. Buna görə sadəcə aerodinamika yenidən qurulmadı, eyni zamanda arxa asılqanlar, mühərriyin dayaqları və ötürmələr qutusu sıfırdan hazırlandılar. Maşının ön hissəsi hissolunacaq dərəcədə yuxarı qalxdı, yan pantonlar isə daha nəzərəçarpacaq əyrilik aldılar ki, bununla da hava axınını optimalladşırmağa imkan verdilər.

2010-cu ildə FİA yarışın gedişində yanacaq doldurulmasını qadağan etdi, ona görə də maşınların yanacaq çənləri böyüdülər. Maşınların yanacaqsız minimal çəkiləri 605 kq-dan 620 kq-a çatdırıldı, təkərlərin eni isə bir az azaldı. Bu dəyişikliklər mühəndisləri əyləc sistemini və onların soyutma sistemlərini yenidən hazırlamağa məcbur etdi. İndi pit-stop zamanı təkərlərin dəyişdirilməsi vacib əhəmiyyət daşıdığı üçün təkərlərin bağlanma qaykaları belə konstruksiyalarını dəyişdilər. Bundan başqa, komandalar öz aralarında razılığa gəldilər ki, KERS-dən bu mövsüm istifadə olunmayacaq, amma 2011-ci ildə sistem hamı üçün məcburi olacaq.

Brawn GP komandası çempionatda keçirdiyi yeganə mövsümdə hər iki titulu qazandıqdan sonra 2010-cu ildə Mercedes-in zavod komandasına çevrildi, komandanın sürücülərindən biri isə Mixael Şumaxer oldu. Amma bu dəyişikliklər Ross Braunun çox vaxtını aldığı üçün yeni mövsümdə komanda titul uğrunda mübarziədə iştirak edə bilmədi. Ferrari isə McLaren və Red Bull komandaları ilə son yarışa qədər mübarizə apardı…

FERRARİ F10

Ferrari, Scuderia Ferrari, Ferrari F10, 2010, Fernando Alonso, Felipe Massa

Üzücü 2009-cu il mövsümündən sonra Ferrari motivasiyasını itirmiş Kimi Rəykkönenin xidmətindən imtina edərək Fernando Alonso ilə müqavilə bağladı. İspaniyalı sürücünün debütü Kiminin komandada debütü ilə eyni oldu – elə ilk yarışdaca qələbə qazandı. Alonso elə finlandiyalı sürücü kimi son yarışa qədər titul uğrunda mübarizə apardı və Rəykkönendən fərqli olaraq titula əsas namizəd idi. Amma 2007-ci ildə olduğu kimi, çempionatda 3-cü yerdə olan sürücü titula sahib çıxdı.

Texniki nöqteyi baxımdan F10-a adi baxışla başa düşmək olardı ki,  2009-cu ilin uğursuzluqlarına baxmayaraq, Maranelloda F60-ın ümumi fəlsəfəsindən imtina etməklə daha mürəkkəb və daha mükəmməl maşın hazırlamışdılar. Düzdür, burun elementi və yan pantonlar 2009-cu ilin maşınını xatırlatsa da, F10 ümumən çox dəyişmişdi. Məsələn, yan pantonlar daha yumru olmaqla arxada daha dar forma almışdılar ki, bu hissədə aerodinamika optimallaşmışdı.

Maraqlıdır ki, yeni maşının təkər bazası sələfindən 10 sm uzun idi. Yeni ötürmələr qutusu 4 dərəcə arxaya əyilmişdi ki, diffuzora düşən hava axını artsın. Bu yolla əldə olunmuş aerodinamik üstünlük maşının artan ağırlıq mərkəzini kompensə edirdi.

Təəssüf ki, Skuderiyanın mühəndislərinin bütün səyləri Ədrian Nyuinin növbəti kəşfinə dirənərək puç oldular – Nyuinin “sorma diffuzoru” Red Bull komandasının uzunmüddətli hegemonluğunun başlanğıcı idi.

2009-cu ildə başından ağır yaralanaraq mövsümün ikinci yarısını buraxan Felipe Massa 2010-cu ildə komandaya qayıtdı, amma onun nəticələri ürəkaçan olmadı – braziliyalı sürücü yeni komanda yoldaşı Fernando Alonsoya çox uduzdu. Düzdür, titul uğrunda mübarizədə bunun Fernandoya xeyri oldu, çünki məhz Ferrari-də komanda yoldaşları bir-birindən xal almırdılar.

Mövsümün ilk yarısında McLaren-in sürücüləri Censon Batton və Lyuis Həmilton aşkar üstünlüyə malik idilər, amma mövsümün ortasında Red Bull-un sürücüsü Mark Uebber hamını üstələdi. Mark həm də gənc komanda yoldaşı Sebastyan Fettellə gərgin mübarizə aparırdı.

2010-cu ilin sonunda rəqiblərin problemlərindən yararlanan Alonso titul uğrunda mübarizədə favoritə çevrildi – mövsümün sonuna iki yarış qalmış ispaniyalı sürücü Uebberi 11, Həmiltonu 21, Fetteli isə 25 xal üstələyirdi. Braziliyada Red Bull sürücüləri dubl edərək Alonsonu qabaqladılar və fərq azaldı.

Hər şeyi Əbu Dabi Qran Prisi həll etməl idi, düzdür, Həmilton və Fettelin şansları minimal idi. Amma almaniyalı sürücünün inamlı çıxışı, Alonso və Uebberin Renault-nun arxasında ilişərək qalmaları Ferrari-ni tituldan məhrum etdi. Fettel karyerasında ilk tituluna sevindi…

FERRARİ F10-UN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F10, 2010, Fernando Alonso, Felipe Massa

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
2010-cu il 19 38 2 5 15 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*