Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 62 gün qalır – 62 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşının təkamülü ilə tanış edəcəyik. Komandanın uğursuzluğunu davam etdirən Ferrari 555 F1 modeli 6-cı yazımızın obyekti olacaq…
Dünya çempionatın traslarında ikiillik dominantlıqdan sonra 1954-cü ildə Ferrari-nin sürücüləri Mercedes tərəfindən sarsıdıcı məğlubiyyətə uğradılar. Komandanın mövsümün gedişində Ferrari 553 F1 və Ferrari 625 F1 modellərindən istifadə etməsinə baxmayaraq, iki ildə cəmi iki qələbə qazanıldı. Həmin müddət ərzində təkcə Xuan Manuel Fanxio 6 qələbə qazanmışdı!
Rəqiblərinə layiqli cavab vermək üçün komanda 553 modelini təkmilləşdirmək qərarını qəbul etdi. Eyni məntiqlə yeni maşın (bir silindrin həcmi və istehsal ili) Ferrari 555 F1 adını aldı. Əgər 553-cü model Squalo (Köpək balığı) adını almışdısa, 555-ci modelə Supersqualo verildi.
Təəssüf ki, adından başqa maşının heç bir xarakteristikasına “super” terminini söyləmək mümkün olmadı – maşın bütün sahələrdə uğursuzluğa düçar oldu. Komanda üçün bu maşın 4 silindrli adi motor quraşdırılmış sonuncu model oldu. Baş konstruktor Aurelio Lampredi uğursuzluğun əsas səbəbkarı kimi mövsümün sonunda Entso ilə dalaşaraq komandanı tərk etdi.
FERRARİ 555 F1
Yeni maşının şassisi təkmilləşdirilmişdi. Ön və arxa asılqanlar yenilənmişdi, daha yığcam radiatorun tətbiqi maşının burnunu aşağı endirməyə imkan vermişdi. Ön təkərlərin arxasında aerodinamik qanadcıqlar peyda olmuşdu. Yeni 4 silindrli motorun gücü isə 270 at qüvvəsinə çatdırılmışdı.
Yarışlarda isə 555-ci modelin statistikası çox kasıb idi: maşın 1955-ci ildə cəmi dörd yarışda iştirak etdi və iki dəfə (Nino Farina və Eucenio Kastellotti) podiumun ən aşağı pilləsinə yiyələnə bildi. Növbəti mövsümün ilk yarışında da komanda bu maşınla çıxış etməli olmuşdu – yeni maşın hələ hazır deyildi. Amma bu yarışda da komandanın ən yaxşı nəticəsi sadəcə 5-ci yer oldu.
FERRARİ 555 F1-İN ÇEMPİONATDA STATİSTİKASI
Mövsüm | Qran Pri | Start | Poul | Qələbə | Podium | Ən yaxşı nəticə |
1955-ci il | 4 | 12 | 0 | 0 | 2 | 3 |
1956-cı il | 1 | 2 | 0 | 0 | 0 | 5 |