Ferrari-nin təkamülü (1950-2016-cı illər): 58-ci yazı – Ferrari F2008

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 10 gün qalır – 10 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 58-ci yazımızda Skuderiyaya komandaların çempionatında sonuncu titulu qazandıran  F2008 modelindən danışacağıq…

2008-ci ildə qaydalarda ciddi dəyişiklik olmadı. Sürücünün yan qoruyucu divarının hündürlüyü artırıldı, ötürmələr qutusunun 4 Qran Priyə tab gətirməsi təyin olundu və bəzi ekzotik materiallar qadağan olundular. Ona görə də maşınların çəkisi bir az artdı, amma mühəndislər əsasən keçənilki maşınları təkmilləşdirməklə məşğul oldular. Yeni Ferrari F2008 məntiqi olaraq çempion titulu qazanmış sələfinin təkmilləşmiş versiyasına çevrildi.

Yeni maşında monokokun, yan pantonların və motor qapağının forması dəyişmişdi. Ön və arxa asılqanların konstruksiyasında bəzi dəyişikliklər edilmişdi. Maşını reqlamentdəki dəyişikliklərə uyğunlaşdırmaq üçün təkər bazası qısaldılmışdı, yeni ötürmələr qutusu hazırlanmışdı. Əyləc sistemində yeni supportlar və innovativ soyutma sistemi tətbiq olunmuşdu.

Daha bir dəyişiklik bütün Formula1 maşınlarında standart elektron idarəetmə bloklarının (ECU) tətbiq olunması idi. Dartmaya nəzarət (trəkşn kontrol), starta nəzarət (launç kontrol) və sürücülərin digər “elektron köməkçiləri” qadağan olundular.

Keçən mövsümün sonunda Jan Todt Skuderiyanın rəhbəri vəzifəsini tərk etdi, onu Stefano Domenikali əvəz etdi. Nəzərə alsaq ki, daha əvvəl komandanı Ross Braun və Rori Börn tərk etmişdilər, Şumaxerlə birlikdə Ferrari-yə ardıcıl titullar qazandıran əfsanəvi heyət tamamilə yenilənmiş oldu.

FERRARİ F2008

Ferrari, Scuderia Ferrari, Ferrari F2008, 2008, Kimi Raikkonen, Felipe Massa

Keçənilki inqilabdan sonra 2008-ci ildə Maranelloda yeni F2008-in üzərində işləyərkən komanda geriyə doğru kiçik bir addım atdı. Konstruktiv olaraq yeni maşın ümumən F2007-ni xatırladırdı, hərçənd, təkər oxları arasındakı məsafə qısaldılmışdı ki, sürücülər döngələrlə zəngin olan yavaş traslarda özlərini daha rahat hiss etsinlər.

Bütün layihənin xarakterik elementi aerodinamika baxımından burun elementi idi. Ön antiqanadın yuxarı müstəvisi birbaşa buruna birləşmişdi və mürəkkəb konfiqurasiyalı aşağı əsas müstəvi ilə maşının önündə hava axınının daha yaxşı təşkilini təmin edirdi. Nəticədə maşının altına düşən hava axını artdığı üçün ön hissədə asfaltayatma qüvvəsi də çoxalmışdı.

Aerodinamik boruda göstərilən əla nəticələrdən fərqli olaraq maşının ilk yarışlarda sürətindən narazı qalan mühəndislər İspaniyada dəlikli burun elementini, Macarıstanda isə motor qapağında üzgəci tətbiq etdilər.

Komanda körpüsünün bəzi səhvləri, xüsusən də Sinqapurda, Felipe Massanın titul qazanmasına mane oldu, amma komanda ardıcıl ikinci il Mühəndislər Kubokunu qazandı.

Sürücülər heyəti dəyişməmişdi, amma bu dəfə lider dəyişmişdi: indi titula Felipe Massa namizəd idi, Kimi Rəykkönen isə mövsümün ilk 5 yarışında 2 dəfə birinci və 2 dəfə də podiumda olduqdan sonra sönük mövsüm keçirdi, bəziləri bunu finlandiyalı sürücünün motivasiyasının itməsi ilə, bəziləri isə komandanın Massaya işləməsi ilə əlaqələndirirlər. Amma unutmaq lazım deyil ki, Kimi 18 yarışda 10 dəfə sürətli dövrəyə imza atmışdı.

Ferrari-nin əsas rəqibi isə dəyişməmişdi – McLaren və onun gənc sürücüsü Lyuis Həmilton keçən il son yarışda əldən verdikləri titulu qazanmaq üçün əllərindən gələni edirdilər. Ümumiyyətlə, mövsümdə heç bir sürücü stabil çıxış etmirdi. BMW Sauber komandasının sürücüləri Robert Kubitsa və Nik Haydfeld Kanadada dubl etdilər və polşalı sürücü uzun müddət titula namizəd idi. Gözlənilmədən Renault-ya qayıtmış Fernando Alonso iki qələbə qazandı – sonra məlum oldu ki, Sinqapurdakı qələbə əvvəlcədən planlaşdırılmışdı. Montsada isə güclü həftəsonu keçirən Sebastyan Fettel heç kimə şans vermədi.

Mövsümün son yarışı Braziliyaya Massa və Həmilton 5 qələbə ilə gəlsələr də, braziliyalı sürücü 7 xal geridə idi və onun titul qazanması üçün qələbə kifayət etmirdi, gərək Lyuis də finişdə 6-cı yerdən aşağı olmalı idi. Braziliyalı sürücü öz işinin öhdəsindən gəldi, yarışda inamlı qələbə qazandı. Felipe finiş xəttini keçəndə Həmilton hələ 6-cı idi, amma son döngədə Timo Qloku üstələyərək dünya çempionu titulunu qazandı.

FERRARİ F2008-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F2008, 2008, Kimi Raikkonen, Felipe Massa

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
2008-ci il 18 36 8 8 19 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*